SİYASƏT


Səudiyyə Ərəbistanının nüfuzlu qəzeti Heydər Əliyevin həyat yolundan və dövlətçilik fəaliyyətindən yazır

Ər-Riyad, 12 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Okaz” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar geniş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə ümummilli lider Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyəti, o cümlədən zəngin bioqrafiyası barədə ərəbdilli oxuculara ətraflı məlumat verilir. Heydər Əliyevin 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunduğu, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildiyi və respublikaya 1982-ci ilədək rəhbərlik etdiyi bildirilir. Məqalədə, həmçinin qeyd edilir ki, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilən Heydər Əliyev sovet dövlətinin rəhbərlərindən biri idi.

1993-cü ildə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin əsasını qoydu. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

Səfir məqaləsində bildirir ki, məhz Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhədə atəşkəsə nail olundu. O, danışıqlar prosesində və bütün beynəlxalq tribunalardakı çıxışlarında Ermənistanın işğalçılıq siyasətini ifşa edir, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün yorulmadan çalışırdı. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın ən iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Çox çətin tarixi dövrdə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasını və ölkənin enerji təhlükəsizliyini təmin edən Heydər Əliyev çoxşaxəli tarazlaşdırılmış xarici siyasət konsepsiyasını formalaşdırdı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi qlobal layihələrin müəllifi olan Heydər Əliyev bu layihələr sayəsində Azərbaycanı böyük iqtisadi tərəqqi yoluna çıxardı. Onun qurub yaratdığı müasir müstəqil Azərbaycan hazırda region dövlətləri arasında güclü ölkələrdən birinə çevrilib. Heydər Əliyevin vəfatından 15 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı Ümummilli Liderinin misilsiz xidmətlərini unutmur, xatirəsini daim uca tutur.

Məqalədə Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunur, ölkənin son 15 ildə keçdiyi inkişaf yolu, eləcə də xarici siyasəti barədə ətraflı söhbət açılır. Vurğulanır ki, Ümummilli Liderin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, onun beynəlxalq nüfuzu daha da artıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.