CƏMİYYƏT
Səudiyyə Ərəbistanının şimalına qar yağıb
Bakı, 18 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının şimalına - Cəbəl-əl-Lauz dağlıq rayonuna qar yağıb. Yerli sakinlər kirşə və əldəqayırma xizəklərin kirayə verildiyi məntəqələr yaradıblar.
Sosial şəbəkələrdə yerləşdirilən fotolardan “cələbiyyə” deyilən ənənəvi uzun köynəklər geyinmiş, “kufiyyə” deyilən baş örtüklərinə bürünmüş bədəvilərin əldəqayırma xizəklərdə enişlərdən necə sürüşdüyü və hətta yarışlar təşkil etdiyi görünür. Uşaqlar da onlardan geri qalmır, qardan müxtəlif fiqurlar düzəldir və qartopu oynayırlar.
Dəniz səviyyəssindən 2,5 min metr yüksəklikdə, Tabuk əyalətində yerləşən Cəbəl-əl-Lauz rayonunda bu cür vəziyyət artıq dalbadal ikinci ildir təkrarlanır. Yerli sakinlərdən biri Məhəmməd əl-Mustafa “Twitter” sosial şəbəsindəki səhifəsində yazıb: “Gələcəkdə qış kurortuna çevriləcəyimiz istisna deyildir”.
Şimalda yerləşən Tabuk əyaləti eyni zamanda turizm infrastrukturunun inkişafına yönəlilən “Gələcəyin şəhəri - Neom” adlı qlobal layihənin bir hissəsidir. Dünya müsəlmanlarının Məkkə və Mədinədəki müqəddəs məkanlara həcc və ümrə ziyarətinə axışması istisna olmaqla, əvvəllər Səudiyyə Ərəbistanı turizm üçün qapalı ölkə olub. Səudiyyənin hakimiyyət orqanları “Yeni baxış-2030” islahatlar planını qəbul etməklə, təkcə turist vizalarının verilməsi üzərində düşünməyiblər, həm də dünyanın hər yerindən qonaqların cəlb edilməsi üçün müvafiq imic yaradılmasına milyonlarla dollar vəsait yatıraraq, onlara müxtəlif istirahət imkanları yaradıblar.