DÜNYA
Seul sakinlərinin sayı ilk dəfə olaraq 10 milyondan aşağı düşüb
Pekin, 4 mart, AZƏRTAC
Cənubi Koreyanın paytaxtı Seulun sakinlərinin sayı son 32 ildə ilk dəfə olaraq 10 milyon nəfərdən aşağı düşüb.
AZƏRTAC "The Korea Herald" qəzetinə istinadla xəbər verir ki, Seul şəhər bələdiyyəsi ötən ilin sonuna paytaxt sakinlərinin sayının 9,91 milyon nəfər olduğunu açıqlayıb. Bu da əvvəlki illə müqayisədə təxminən 100 min nəfər azdır. Məlumata əsasən, ötən ilin sonuna paytaxt sakinlərinin 9,67 milyon nəfəri yerlilər, 242 min nəfəri isə əcnəbilər olub. Əcnəbilərin sayına 3 aydan çox tələbə və iş vizası olanlar daxildir.
Qeyd edək ki, Seul əhalisinin sayı ilk dəfə 1988-ci ildə 10 milyonu ötüb. 1992-ci ildə isə ən yüksək səviyyəyə çatıb - 10,97 milyon nəfər. Amma son illər ölkədə əhali sayında qeydə alınan davamlı azalmanın təsirləri paytaxtda da qabarıq formada müşahidə olunur. Bundan başqa, bütün ölkədə olduğu kimi, Seulda da yaşlıların sayı çoxalır. Yaşı 65-dən yuxarı olanların sayı 15,8 faiz təşkil edir. BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət "yaşlı cəmiyyət", bu rəqəm 20 faizdən çox olarsa "super yaşlı cəmiyyət" kimi xarakterizə olunur.
Ötən ilin noyabrında Cənubi Koreyada aparılmış siyahıyaalmanın nəticələrinə əsasən, ölkə tarixində ilk dəfə əhalinin sayının əvvəlki illə müqayisədə azalması məlum olub. Əhalinin sayı 51 milyon 829 min nəfər olub ki, bu da 2019-cu ilin sonuna olan rəqəmdən təxminən 21 min nəfər azdır. Keçən il ölkədə yeni doğulanların sayı 10,65 faiz azalıb, ölüm sayı isə 3,1 faiz artıb. Statistikaya əsasən, yaşı 60-dan yuxarı olanlar ölkə əhalisinin 24 faizini, 50-60 yaşında olanlar isə 16,7 faizini təşkil edir. Bu rəqəmlər Cənubi Koreya əhalisinin sürətlə “qocalmasını” açıq şəkildə göstərir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin