MƏDƏNİYYƏT


Seulda Azərbaycan, Gürcüstan və Ukraynanın dövlət müstəqilliklərinin 100 illiyinə həsr olunan konsert keçirilib

Bakı, 23 fevral, AZƏRTAC 

Seul şəhərinin Yonqsan rayonunda Azərbaycan, Gürcüstan və Ukraynanın Koreya Respublikasındakı səfirliklərinin təşkilatçılığı ilə hər üç ölkənin dövlət müstəqilliklərinin 100 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib.

Azərbaycan səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Yonqsan rayonunun icra hakimiyyətinin vitse-meri Kim Sonq-Su, Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov, Gürcüstanın səfiri Otar Berdzenişvili və Ukraynanın səfiri Oleksandr Horin çıxış ediblər.

R.Teymurov 2018-ci ildə hər üç ölkənin bu əhəmiyyətli tarixi qeyd etdiyini, 1918-ci ildə əldə olunmuş müstəqilliyin qısa müddət sürməsinə baxmayaraq, hər üç ölkənin milli kimliyini qoruyub saxladığını və 1991-ci ildə müstəqilliyini bərpa etməyə nail olduğunu, bu əlamətdar hadisə münasibətilə il ərzində bir sıra silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, Yonqsan rayonunun vitse-meri Kim Sonq Sonq-Suya Yonqsan meriyasının Koreya ilə hər üçü ölkə arasında ikitərəfli əlaqələrinin inkişafına verdiyi töhfəyə görə təşəkkür plaketini təqdim edib.

Tədbir konsert proqramı ilə davam edib. Ukraynanın “Two Violins Band” qrupunun ifaçıları, skripkada İlya Bondarenko və fortepianoda Olyona Jukova Azərbaycan, Gürcüstan və Ukraynanın məşhur bəstəkarlarının, eləcə də dünya klassiklərinin əsərlərini ifa ediblər.

Tədbirdə, eyni zamanda, Azərbaycan guşəsi yaradılıb, ölkəmizin tarixini, təbiətini, paytaxt Bakının mənzərələrini əks etdirən fotolar, Azərbaycanın mədəniyyət nümunələrinə dair suvenirlər nümayiş etdirilib.

Konsert Seul şəhərinin Yonqsan rayonunun Bakı şəhərinin Qaradağ rayonu ilə qardaşlaşması istiqamətində səfirlik tərəfindən görülmüş işin nəticəsi olaraq baş tutub.

Xatırladaq ki, 2017-ci il iyunun 11-13-də səfirliyin təşkilatçılığı və təşəbbüsü ilə Yonqsan Rayon İcra Hakimiyyətinin başçısı Sonq Çanq-hyonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Qaradağ və Yonqsan rayonları arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Azərbaycana səfəri təşkil olunub. Oktyabrın 12-15-də isə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Emil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub. Səfər çərçivəsində Yonqsan Rayon İcra Hakimiyyətinin binasında keçirilmiş görüş zamanı tərəflər arasında dostluq əlaqələrinin qurulmasına dair memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.