İQTİSADİYYAT


Seulda Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirilib

Bakı, 10 aprel, AZƏRTAC

"Korail" Koreya Milli Dəmir Yolları Korporasiyasının Seulda yerləşən ofisində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla korporasiyanın prezidenti Son Byonq Sokun arasında görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, geniş nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Son Byonq Sok Koreya Milli Dəmir Yolları Korporasiyasının Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olmasına göstərdiyi dəstəyə və DYƏT-in Baş Direktorlar Konfransının 34-cü iclasında iştiraka görə C.Qurbanova təşəkkürünü bildirib.

C.Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, "Şimal-Cənub" və “Cənub-Qərb” nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan (Orta Dəhliz) danışan C.Qurbanov bildirib ki, bu dəhliz yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınmasını təmin edir. Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin tərkib hissəsi olmaqla, Çinlə Avropa arasında ən qısa marşrutdur. "Korail" Koreya Milli Dəmir Yolları Korporasiyası Lyanyunqan və Pusan limanlarının geniş terminal imkanlarından istifadə edərək, Avropaya yüklərin müntəzəm daşınması üçün Orta Dəhliz layihəsinə qoşulmaq imkanlarını nəzərdən keçirə bilər.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Pusan limanının fəaliyyəti ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.