İDMAN
Seulda idman nazirlərinin görüşü olub
Bakı, 13 fevral, AZƏRTAC
Cənubi Koreyanın paytaxtı Seulda bu ölkənin Mədəniyyət, Gənclər və Turizm Nazirliyinin təşkilatçılığı ilə idman nazirlərinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə “İdman dəyərlərinin cəmiyyətdə inkişafı” mövzusunda çıxışlar olub.
“Dəyirmi masa” ətrafında keçirilən görüşü Cənubi Koreyanın mədəniyyət, gənclər və turizm naziri Do Jonguhan açaraq qeyd edib ki, idman dəyərləri hər bir cəmiyyətdə sağlam mühitin, qarşılıqlı əlaqələrin, həmrəylik və dostluq münasibətlərinin formalaşmasında mühüm amillərdən biridir və belə görüşlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.
İdman nazirlərinin görüşündə Azərbaycanı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təmsil edib. O, görüşdə çıxış edərək ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən idman sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycanda idmana və Olimpiya hərəkatına dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar barədə də məlumat verən nazir müavini qeyd edib ki, Azərbaycanda idmanın inkişafı və Olimpiya hərəkatının genişlənməsi kütləvi xarakter aldığından idman dəyərləri cəmiyyətdə aparıcı mövqelərdən birinə malikdir.
Sonra Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Kreyq Ridi, Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Fransanın idman naziri Laura Flessel, Qazaxıstanın mədəniyyət və turizm naziri Arıstanbek Muxamediulı, Monqolustanın təhsil, mədəniyyət, elm və idman naziri Sedenbal Sogzolma, Serbiyanın gənclər və idman naziri Vanja Udoviçic, Gürcüstanın mədəniyyət və idman naziri Mixail Georqadze və başqaları qeyd ediblər ki, belə görüşlərin keçirilməsi, müzakirələrin aparılması ölkələrin idman qurumları arasında işgüzar və qarşılıqlı əlaqələrin qurulmasına xidmət etməklə yanaşı, birgə səylər nəticəsində idman dəyərlərinin cəmiyyətdə daha kütləvi surətdə yayılmasına şərait yaradır.