SİYASƏT
Seulun Yonqsan rayonu ilə Bakının Qaradağ rayonu əməkdaşlıq əlaqələri qurur
Bakı, 7 iyun, AZƏRTAC
Koreya Respublikasının paytaxtı Seulun Yonqsan rayonu ilə Bakının Qaradağ rayonu arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Yonqsan Rayon İcra Hakimiyyətinin başçısı Sonq Çanq-hyonqun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun11-14-də Azərbaycanda səfərdə olacaq.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Yonqsan Rayon İcra Hakimiyyətinin struktur rəhbərləri və rayon Ticarət Palatasının üzvləri, habelə Yonqsan ərazisində fəaliyyət göstərən şirkətlərin başçıları daxildir.
Səfər çərçivəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə bir sıra görüşlərin keçirilməsi, Yonqsan və Qaradağ rayonları arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması, koreyalı iş adalmaları üçün Azərbaycanda xarici investisiya imkanları mövzusunda təqdimatların keçirilməsi, iki ölkənin sahibkarlarının iştirakı ilə biznes forumlarının təşkili nəzərdə tutulub. Nümayəndə heyətinin üzvləri Azərbaycanın turizm potensialı ilə yerində tanış olmaq üçün bölgələrə də baş çəkəcəklər.