REGİONLAR
Sevda Tahirli: Sabir 48 il ömür sürməsinə baxmayaraq, yazdığı şeirlərlə böyükdən kiçiyə hər kəsin ürəyini fəth edib VİDEO
Sabirabad, 30 may, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün görkəmli Azərbaycan şairi, tənqidçi, ictimai xadim Ələkbər Zeynalabdin oğlu Tahirzadənin (Mirzə Ələkbər Sabir) anadan olmasından 160 il keçir. Cəmi 48 il ömür sürməsinə baxmayaraq, o, yazdığı şeirlərlə böyükdən kiçiyə hər kəsin ürəyini fəth etməyi bacarıb.
Bu sözləri Sabirabadda AZƏRTAC-ın bölgə müxbirinə Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli deyib.
Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, BDU-nun dosenti Sevda Tahirli bildirib ki, Sabir ailəsinin nümayəndəsi olmaq çox böyük məsuliyyətdir. “Çünki hər bir hərəkətinlə, düşüncə və davranışınla, fəaliyyətinlə Mirzə Ələkbər Sabir zirvəsinə layiq olmalısan. Mirzə Ələkbər Sabir təkcə ailənin deyil, bütün Azərbaycanın, dünyadakı Sabirsevərlərin sevimli şairidir. Sabir hətta türk dilində danışmayan insanların sevimlisidir. Bu ifadəni ona görə ürəklə söyləyirəm ki, Sabirin əsərləri bir çox dillərə - türk, fars, rus, Ukrayna dillərinə tərcümə olunub. Hətta Sabirin şerlərinə ingilis dilində də rast gəlmək olur”, - deyə o əlavə edib.