QAN YADDAŞI
Sevda Xanlarova: O gecə unudulan deyil… VİDEO
Bakı, 26 fevral, AZƏRTAC
Bu gün hər bir azərbaycanlının, hər bir xocalılının üz tutduğu 1992-ci il fevralın 25-dən 26-na keçən məşum gecə qurbanlarının xatirəsinə ucaldılmış bir ünvan var. Milli faciəmizin simvoluna çevrilən “Ana harayı”na hər il minlərlə ziyarətçi gəlir.
Ziyarətə gələnlərdən biri - Sevda Xanlarova həmin gecəni xatırlayaraq AZƏRTAC-ın müxbirinə deyib: “Xocalı qətliamı nəinki xalqımızın, bəşəriyyətin tarixində ən dəhşətli və amansız soyqırımı hadisələrindən biridir. Hələ ayağı yer, dili söz tutmayan körpəyə, ömrünün ixtiyar dövrünü yaşayan qoca-qarıya, günahsız, dinc sakinlərə necə qıymaq olar? Kimin əli gələr? İndi də həyəcansız, göz yaşı axıtmadan danışa bilmirəm. Belə də qəddarlıq, vəhşilik olar?”
O, özünü ələ alaraq söhbətinə davam edir: “Əslində biz Xankəndidə yaşayırdıq. Erməni quldurları ev-eşiyimizi yandırandan sonra 1988-ci ildə Xocalıya pənah apardıq. Dörd il idi orada yaşayırdıq. Soyqırımı gecəsinin dəhşətlərini qardaşlarım və onların ailə üzvləri də yaşayıb. Həmin gecə bir qardaşımın həyat yoldaşı qətlə yetirilib, beş uşağı yetim qalıb. Qardaşım üç gün qarlı meşələrdə qalandan sonra xilas ola bilmişdi. O biri qardaşım Murad həmin gecə 8 güllə yarası alıb. Hər dəfə bu abidənin qarşısından keçəndə, hər dəfə Xocalıdan söz düşəndə, hər ilin fevralı gələndə yaralarım qövr edir, təzədən o dəhşətli və məşum gecənin dəhşətlərini xatırlayıram”.
Sevda xanım daha sonra deyib: “Aradan 28 il keçsə də, yaralarım qaysaq bağlamaq bilmir. Nə o gecə unudulan, nə də heç nə geri qayıdan deyil. Təsəllimiz doğma torpaqlara qayıtmaq ola bilər. Elə o günün eşqi ilə də yaşayır və ümid bəsləyirik”.