SİYASƏT


Sevil Mikayılova: Ermənistanın dağıdıcılıq siyasəti fonunda Azərbaycan quruculuq missiyası ilə nümunə göstərir

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə Cənubi Qafqazda tamamilə yeni reallıq yaradıb. Bölgədə, nəhayət, dayanıqlı sülhü, təhlükəsizliyi təmin etmək üçün imkanlar yaranıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətlə davam etdirən dövlətimiz, əslində, öz gücünü artırmaqla yanaşı, qonşu ölkələrin də sülh və əmin-amanlıq şəraitində yaşaması, iqtisadi dirçəlişə nail olmaları üçün geniş imkanlar təklif edir. İşğaldan azad olunmuş ərazilərdə Ermənistanın dağıdıcılıq siyasəti fonunda Azərbaycan quruculuq missiyası ilə nümunə göstərir. Azərbaycanın təklifini düzgün dəyərləndirmək hazırda Ermənistan üçün tarixi fürsətdir. Belə ki, öz işğalçı siyasəti ucbatından uzun illər iqtisadi blokadada olan Ermənistan, nəhayət, bu təcriddən çıxmaq, qonşu ölkələrlə normal münasibətlər qurmaq imkanı əldə edib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan öz ali məqsədinə çatıb, torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edib. İndi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməlidir. Bu ölkə həm Azərbaycan, həm də Türkiyəyə qarşı əsassız ərazi iddialarını birdəfəlik unudub öz qonşuları ilə normal əlaqələr qurmağa çalışmalıdır. Ermənistan bu yolda beynəlxalq hüququn bütün müddəalarına hörmət göstərməli, işğalçılıq siyasətinin heç bir millətə fayda vermədiyini dərk edərək səmimi iradə ortaya qoymalıdır.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında və Zəngəzur dəhlizinin təməlqoyma mərasimindən sonra bəyan etdiyi kimi Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyacağı təqdirdə, Türkiyə ilə də münasibətlərin normallaşması üçün heç bir əngəl qalmayacaq. Ermənistan Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddialarından birdəfəlik əl çəkməyə məcburdur. Bu ölkə öz konstitusiyasında və hərbi doktrinasında bu cür iddiaları ifadə edən müddəalara da dəyişikliklər etməlidir”, - deyə S.Mikayılova diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, Ermənistan anlamalıdır ki, dövlət sərhədləri müvafiq BMT sənədləri ilə təsbitini tapıb. Bu sərhədlərin pozulmasına istənilən cəhd beynəlxalq hüququn kobud pozulmasıdır. Belə ki, dövlətlərin suveren ərazisi toxunulmazdır. Ermənistan hazırda yaranmış tarixi şansdan yararlana bilər, onun başqa yolu yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.