MƏDƏNİYYƏT
“Sevilənlər sevənlər” rubrikası altında canlı yayımlar davam edir
Bakı, 7 iyul, AZƏRTAC
Respublika Gənclər Kitabxanası elm, mədəniyyət, incəsənət xadimləri, xalqın sevimli nümayəndələri ilə evdən canlı yayımları davam etdirir. “Sevilənlər sevənlər” rubrikası altında keçirilən növbəti canlı yayım iyulun 7-də baş tutub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın dissertantı, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İB-nin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili olub. 1300-ə yaxın izləyicinin qoşulduğu canlı yayımda İradə xanım, ilk növbədə, ölkəmizdə elan edilən sərtləşdirilmiş karantin rejimi haqqında danışaraq, xalqımızı birlik nümayiş etdirməyə, qoyulan qaydalara riayət etməyə səsləyib, dünyanı ağuşuna almış bu bəlaya yalnız məsuliyyət nümayiş etdirməklə qalib gələ biləcəyimizi vurğulayıb. Sonradan qonaq kitabxanaçılıq sahəsində olan fəaliyyəti haqqında geniş məlumat verib, Mədəni-Maarif Texnikumunda, Kitabxanaçıların İxtisas Artırma kurslarında pedaqoji fəaliyyətindən bəhs edib. Bundan əlavə 0, ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsində aparılması mühüm olan nüanslar haqqında da dəyərli fikirlər söyləyib, Türkiyəyə səfər edərkən iştirak etdiyi kitab festivalları haqqında məlumat verib, qardaş ölkədə kitab və kitabxana sisteminə olan münasibətdən söhbət açıb. Canlı yayım müddətində qonaq yaradıcılığına dair sualları cavablandırıb, müəllifi olduğu “Xocalı şahidləri danışır” kitabı haqqında məlumat verib. İradə Əlili rəhbərlik etdiyi “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İB-in yaranma tarixindən, fəaliyyətindən də danışıb.
Canlı yayım istifadəçilərinin çoxsaylı istəklərini nəzərə alaraq, şairə son günlərdə qələmə aldığı “Yorulmuşam” şerini səsləndirib. Sonda İradə xanım bu cür görüşlərin təşkilinə görə kitabxana direktoru Oruc Quliyevə, canlı yayımın aparıcısı Günay xanıma və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib, bu səpkili görüşlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.
İstifadəçilər canlı yayıma https://www.instagram.com/p/CCT0XXXCFQj/ linkı vasitəsilə baxa bilərlər.
Respublika Gənclər Kitabxanasının əməkdaşları İradə Əlili haqqında videoçarx və virtual sərgi hazırlayıblar, bu materiallar kitabxananın “Instagram” səhifəsində yerləşdirilib.