SİYASƏT
Sevinc Fətəliyeva: Azərbaycan türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir. Ümumilikdə Azərbaycan türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O bildirib ki, Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Deputat qeyd edib ki, türkdilli xalqları bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı aparılan müzakirələr bunu bir daha təsdiqləyir.
“Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türkdilli dövlətlər bir-birini hər zaman fəal surətdə dəstəkləyir. Hesab edirəm ki, VI Zirvə görüşü ölkələrimiz və xalqlarımız arasında əlaqələri daha da gücləndirəcək”, - deyə S.Fətəliyeva vurğulayıb.