SİYASƏT


Sevinc Fətəliyeva: Hər hansı həssas məsələ ilə bağlı bir işdə şəxsi maraqların üstün tutulması yolverilməzdir

Strasburq, 27 iyun, AZƏRTAC 

Jurnalistin qətli, xüsusilə də korrupsiya ilə bağlı araşdırmalara əngəllər yaradılması qəbuledilməzdir. Ancaq hər hansı ciddi məsələnin araşdırılmasına öz maraqlarını daxil edib diqqəti öz amalına çəkmək, ümumiyyətlə, yolverilməzdir. Həssas məsələ ilə bağlı belə bir işdə öz maraqlarını üstün tutmaq, onları belə məsələyə daxil etmək, qeyri-obyektiv faktlardan danışmaq düzgün deyil. Ümumiyyətlə, belə ciddi, həssas məsələnin məruzəçi tərəfindən manipulyasiya edilməsi dözülməzdir. Məruzəçidən sormaq istərdim hansı məqsədlə belə yollara əl atır? Məqsədi Azərbaycanı demokratik yoldan sapdırmaq, imicinə xələl gətirməkdirmi?

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında “Dafne Karuana Qalizianın qətli və Maltada və digər ölkələrdə hüquqi dövlət: bütün həqiqətlərin işıqlandırılmasını təmin etmək” adlı məruzənin müzakirəsi zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva söyləyib. Deputat bildirib ki, iqtisadi inkişafı ilə fərqlənən Azərbaycan Avropa Şurasına üzv dövlətlərlə iqtisadi, enerji sahələrində yüksəksəviyyəli əməkdaşlıq edir. Ancaq müzakirə olunan məruzədən görürük ki, onun müəllifinin bir məqsədi var, o da Azərbaycanın imicinə xələl gətirməkdir. “Hər hazırladığınız məruzəyə ölkəmizin adını daxil etsəniz belə, bizi inkişaf yolumuzdan, Avropa Şurası ilə əməkdaşlıq yolundan, həmin təşkilatın dəyərlərinə sadiq qaldığımız yoldan yayındıra bilməzsiniz. Sizin Azərbaycana qarşı mövqeyiniz, “marağınız” hamıya bəllidir. Həqiqətən də Azərbaycan sizin üçün maraqlıdırsa, bu ölkədəki müsbət proseslər, onun xalqı sizə maraqlıdırsa onda enerjinizi və təşəbbüsünüzü düzgün istiqamətə yönləndirin. Ondan müsbət mənada istifadə edin. Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün hüquqlarına dair müzakirələr təşkil edin, işğal faktını müzakirə edin. Cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən bu gün də günahsız uşaqların qətlə yetirilməsini müzakirə edin”, - deyə S.Fətəliyeva vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.