SİYASƏT


Sevinc Fətəliyeva: Media və sosial şəbəkələr informasiyanı ən qiymətli kapital növünə çevirir

Strasburq, 24 iyun, AZƏRTAC

Telekommunikasiya texnologiyalarının və rəqəmsal medianın inkişafı həyat tərzini çox dəyişib. Xüsusilə də, son illər pandemiya zamanı insanlar vaxtlarının çoxunu - işləmək, sosiallaşmaq, bir-biri ilə ünsiyyət qurmaq, boş vaxtlarını keçirmək üçün onlayn keçirməyə başlayıblar. Artıq bütün dünyada insanlar işləməyə və uzaqdan təhsil almağa öyrəşiblər. Uşaqların, eləcə də onların valideynlərinin mobil cihazlara, internet icmalarına, sosial şəbəkələrə, internet mediaya aludəliyi artır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva qurumun yay sessiyası “Onlayn kommunikasiyaya nəzarət: media plüralizmi, informasiya azadlığı və insan ləyaqətinə təhlükə” adlı məruzənin müzakirələri zamanı deyib. Bildirib ki, telekommunikasiya və media texnologiyalarının sürətli inkişafı medianın mahiyyətini dəyişdiyini, baş verən hər şeyi əks etdirərək həyatımızın ayrılmaz hissəsinə çevrildiyini etiraf etmək lazımdır: “Bu gün real vaxt çərçivəsində idmana, konsertlərə, tamaşalara onlayn canlı baxmaqla yanaşı, dünyanın istənilən guşəsində baş verən bütün hadisələr onların mahiyyəti, səbəbləri göstərilmədən sosial şəbəkələrdə canlı yayımlana bilər. Beləliklə, insanların şüuru manipulyasiya edilir, cəmiyyətdə arzu olunan fikir və baxışlar yaradılır”.

Yüksək auditoriya reytinqi uğrunda yarışın cari xəbərlərdə də öz əksini tapdığını deyən azərbaycanlı deputat bildirib ki, xəbərlərin təqdimatı, medianın öz tamaşaçılarına təqdim etdiyi hadisələrin silsilə şəkil seçimi çox vaxt şübhəli, bayağı, qalmaqallı olur. Bütün bunların səbəbi isə medianın həddindən artıq kommersiyalaşdırılmasıdır.

S. Fətəliyeva qeyd edib ki, insanların fikirlərini formalaşdırma və kütlələrin şüurunu manipulyasiya etmə aləti olan media və sosial şəbəkələr təkcə informasiyanın yayılması və qəbulu vasitəsi kimi istifadə olunmur, həm də informasiyanı ən qiymətli kapital növlərindən birinə, mənfəət mənbəyinə çevirir, yeni qlobal informasiya iqtisadiyyatının əsasını təşkil edir. Bu kapitalın böyük hissəsinə sahib olanlar, əlaqəli infrastrukturla yanaşı, siyasi və diplomatik təsirə çevrilə bilən nəhəng iqtisadi gücə malikdirlər.

“İnformasiya çatışmazlığı insanların cəmiyyətin inkişafında iştirakının olmamasına səbəb olur. Bu gün qarşımızda böyük bir sınaq və məsuliyyət var. Media kommunikasiyalarının yayılması və informasiyanın rəqəmsallaşmasına müqavimət göstərmək insanların səlahiyyətində deyil. Amma əminəm ki, sosial media və kommunikasiyanı tənzimləyə, demokratiyaya üstünlük verərək, insan hüquqlarını və ləyaqətini qoruya bilərik”,- deyə S. Fətəliyeva onlayn kommunikasiyanın tənzimlənməsinin əhəmiyyətini qeyd edib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.