SİYASƏT


Sevinc Fətəliyeva: Qlobal Bakı Forumu dünyanı düşündürən qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma olaraq qalacaq

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ötən dövr ərzində ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Pandemiya ilə əlaqədar obyektiv səbəblərdən bir müddət kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsa da, artıq tədricən həyat öz axarına qayıdır və Bakı şəhəri qlobal dialoq məkanı olaraq öz rolunu davam etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ənənəvi platformadır. İndiyədək 8 Forum keçirilib və bu tədbirlərdə yüzlərlə nüfuzlu xarici qonaq təmsil olunub. Forumlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.

Prezident İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb: “Dövlətimizin başçısı çıxışında İkinci Qarabağ müharibəsinin nəticələri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində Azərbaycanın təşəbbüsləri haqqında ətraflı fikirlərini ifadə etdi. Prezident İlham Əliyev çıxışında Ermənistanın əldə edilən razılaşmaları pozduğunu vurğuladı. Belə ki, 10 noyabr razılaşmasına uyğun olaraq ermənilər Laçın yolundan sərbəst istifadə etsələr də, azərbaycanlılar Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq. Prezident çıxışında Azərbaycanda yaşayan ermənilərlə bağlı önəmli fikirlər səsləndirdi. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyinin təmin olunması fikrini dəstəklədiyini söyləyib. Çünki Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi də digər vətəndaşlar kimi bərabər hüquqlara malikdir. Amma Ermənistanın yenidən “status” məsələsini gündəmə gətirməsi, ərazi bütövlüyümüzü şübhə altına alması cəhdləri isə yolverilməzdir. Bu, əslində Ermənistanın özünə problem yaradacaq. Çünki Azərbaycan 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Ermənistana verilmiş Qərbi Zəngəzur məsələsini gündəmə gətirə bilər. Düşünürəm ki, rəsmi İrəvan Prezidentimizin bu fikirlərindən nəticə çıxarmalı və sülhə gedən yolda süni maneələr yaratmamalıdır”.

Deputat vurğulayıb ki, bütövlükdə IX Qlobal Bakı Forumunda aparılan müzakirələr kifayət qədər faydalıdır: “Hesab edirəm ki, bundan sonra Azərbaycanın perspektiv inkişafı və dünyada artan nüfuzu haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də dünyanı düşündürən qlobal məsələlərin müzakirəsi baxımından Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.