SİYASƏT


Sevinc Fətəliyeva: Türkiyənin uğurlu inkişafı böyük bir regionun sülh və sabitlik təminatıdır

Strasburq, 8 oktyabr, AZƏRTAC

Namizədlərə bərabər imkanlar yaradılması, sağlam rəqabətin təmin edilməsi və seçicilərin iştirakı seçkilərin uğurlu olmasının əsas meyarlarıdır. Türkiyədə hər iki seçki bu meyarlara uyğun olub. Türkiyədə seçkilər gərgin rəqabət şəraitində keçib. Prezident seçkilərində altı namizəd iştirak edib. Hazırkı Prezident kifayət qədər güclü və nüfuzlu namizədlərlə rəqabətdə qalib gələrək seçilib. Ana müxalifətin – Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə seçkilərin nəticələrini, yəni, Rəcəb Tayyib Ərdoğanın qələbəsini qəbul edib.

Bu fikirləri AŞPA-nın payız sessiyasında Türkiyədəki seçkilərlə bağlı debatlara qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Türkiyədə parlament seçkiləri kampaniyasında da namizədlərə bərabər şərait yaradılmışdı. Parlament seçkilərində 7 partiya iştirak edib. Seçkilərdən bir neçə ay öncə Türkiyədə fəal şəkildə koalisiyaların, siyasi qüvvələrin yenidən birləşməsi olub, bölgələrdə çox fəal bir kampaniya aparılıb. Nəticədə iqtidar partiyalarının koalisiyası seçicilərin 50 faizindən çoxunun səsini qazanıb. Seçkilər ərəfəsində keçirilən ictimai rəy sorğusu Rəcəb Tayyib Ərdoğan və iqtidar koalisiyasının reytinqinin rəqiblərindən iki dəfə çox olduğunu göstərib. Bu, bir daha Prezident və onun partiyasının zəfərinə inamı təsdiqləyir.

“Türkiyə ciddi iqtisadi çətinliklər və xarici təzyiqlərlə üzləşir. İnanırıq ki, Rəcəb Tayyib Ərdoğanın və onun partiyasının seçkilərdə qələbəsi siyasi hakimiyyətin möhkəmlənməsinə aparacaq. Bu qələbə türk xalqının liderinə inamını əks etdirir. Yeni hökumətin həyata keçirdiyi islahatlar türk cəmiyyətinin əksəriyyəti tərəfindən müsbət qəbul edilib.

Türkiyə regionda stabilizator rolunu oynayır. Əhalinin müdafiəsi, təhlükəsizliyin təminatı, stabilliyin qorunub saxlanması Türkiyənin siyasətinin prioritet məsələləridir. Ölkə rəhbərliyi seçkilərin şəffaf, demokratik və təhlükəsiz şəraitdə keçməsini təmin edib.

Türkiyə xalqının səsini eşitməliyik, ona etibar etməliyik. Türkiyə Respublikasının uğurlu inkişafı Qara dəniz, Aralıq dənizi və Qafqaz kimi böyük bir regionun sülh və stabillik qarantıdır”, - deyə Sevinc Fətəliyeva bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.