İDMAN


Sevinc Hüseynova: Hədəfimiz 2020-ci ildə keçiriləcək Məktəblilərin XVIII Yay Gimnaziadasında uğur qazanmaqdır

Bakı, 6 yanvar, AZƏRTAC

Sosial-mədəni dəyərlərin daşıyıcısı olan idman gənc nəslin mənəvi və fiziki tərbiyəsində mühüm rol oynayır, ölkələr arasında dostluğa, sülhə mühüm töhfə verir. Beynəlxalq idman yarışlarında qazanılan qələbələr yeniyetmələrdə vətənpərvərlik hisslərinin, mübarizlik ruhunun formalaşmasında mühüm rol oynayır. Ona görə də idman klub, cəmiyyət və federasiyalarının üzərinə böyük məsuliyyət düşür. Azərbaycanda 2017-ci ildə yaradılan Məktəb İdmanları Federasiyası sıralarında idmanın müxtəlif növləri üzrə məktəbli atletləri birləşdirərək, bədən tərbiyəsi və idman vasitəsilə yüksək mənəvi keyfiyyətləri yeniyetmələrə aşılayır.

Federasiyanın prezidenti, Milli Məclisin deputatı Sevinc Hüseynova ötən müddətdə bu idman təşkilatının fəaliyyəti ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Sevinc xanım, Azərbaycan Məktəb İdmanları Federasiyası ötən il yaradılsa da, Beynəlxalq Məktəb İdmanları Federasiyası artıq yarım əsrə yaxındır fəaliyyət göstərir. Əvvəlcə BMİF-in fəaliyyəti ilə bağlı qısa məlumat verərdiniz.

- Beynəlxalq Məktəb İdmanları Federasiyası 1972-ci ildə Avropanın 21 ölkəsinin iştirakı ilə təsis edilib. Federasiya hazırda beş qitədən 90 ölkəni sıralarında birləşdirir və 14-18 yaşlı məktəblilərin bədən tərbiyəsi və idman fəaliyyətini əhatə edir. Beynəlxalq Universitet İdmanları Federasiyasında isə əsasən 17-25 yaşlı tələbələr yarışlara qoşulurlar. Beynəlxalq Məktəb İdmanları Federasiyasının idmanın bir çox növləri üzrə təşkil etdiyi yarışların qalibləri Beynəlxalq Universitet İdmanları Federasiyasının keçirdiyi yarışlara lisenziya qazanmaq imkanı əldə edirlər. Beynəlxalq federasiya iki ildən bir idmanın 43 növü üzrə dünya məktəbləri çempionatı keçirir. 1974-cü ildən isə gimnaziadalar təşkil edilir. Əslində, sovet dövründə gimnaziada yarışları spartakiada adlanırdı. Bu, idman yarışları yeniyetmələrin mənəvi, fiziki cəhətdən harmonik inkişafında müstəsna əhəmiyyət kəsb edir, onlarda özünüdərk bacarığını yüksəldir.

- Azərbaycanda Məktəb İdmanları Federasiyasının yaranması və fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Beynəlxalq Məktəb İdmanları Federasiyasının 2016-cı ilin mayında Türkiyədə keçirilən Baş Assambleyasında Azərbaycan nümayəndəliyinin təşkilata üzvlüyündən sonra komandamız beynəlxalq qurumun keçirdiyi yarışlarda iştirak etməyə başlayıb. İlk dəfə 2016-cı ilin mayında Fransanın Lil, Lans şəhərlərində təşkil olunan “Avro 2016” məktəblilərin futbol çempionatında Bakıdakı 163 saylı orta məktəbin şagirdləri, iyulda isə Trabzonda keçirilən XVI Yay Gimnaziada Oyunlarının cüdo yarışlarında idmançılarımız bacarıqlarını yüksək səviyyədə nümayiş etdiriblər. Bu beynəlxalq tədbirlərə fəal qoşulan Azərbaycanın da Beynəlxalq Məktəb İdmanları Federasiyasının üzvü olması zərurəti yaranmışdı. Təcrübə göstərir ki, mərkəzləşdirilmiş federasiya daha səmərəli fəaliyyət göstərmək iqtidarındadır. Nəhayət, 2017-ci ildə Azərbaycanda Məktəb İdmanları Federasiyası təsis olunub və həmin vaxtdan fəaliyyət göstərir.

- Məktəblilər arasında keçirilən yarışlarda idmanın kütləviliyinin təmin edilməsi istiqamətində hansı işlər görülür?

- Ötən il martın 1-də Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən təqdimat mərasimindən sonra federasiyanın fəaliyyəti daha genişlənib. Ən böyük uğur isə məktəblər arasında respublika çempionatının təşkilidir. 2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda respublikamızın şəhər və rayonlarındakı ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaqlar. Şahmat və atletika üzrə yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol yarışları isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Oktyabrda məktəbdaxili yarışlar başa çatdıqdan sonra rayondaxili mərhələyə start verilib.

Ümumilikdə, məktəbdaxili yarışlarda 2397 təhsil müəssisəsində idmanın dörd növü üzrə 202 min 248 şagird iştirak edib. Rayondaxili mərhələdə isə 2397 orta məktəb üzrə 50 min 562 şagird mübarizə aparıb. Dekabrda isə voleybol və basketbol üzrə zona yarışları keçirilib. Yarışlara hazırlıq məqsədilə zonalar üzrə seminarlar da təşkil edilib. Voleybol üzrə qalib komanda Xorvatiyanın Poreç, basketbol yarışının qalibi isə Yunanıstanın Heraklion şəhərlərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

- Komandalarımızın beynəlxalq yarışlarda nəticələrini uğurlu saymaq olarmı?

- Fərəhli haldır ki, ötən ilin mayında Mərakeşin paytaxtı Rabatda Məktəblilərin XVII Yay Gimnaziadasına Azərbaycan Məktəb İdmanları Federasiyası beynəlxalq təşkilatın həqiqi üzvü kimi qatılmışdı. Yetmiş ölkədən 4 minədək məktəbli idmançının mübarizə apardığı gimnaziadada milli komandamız ilk dəfə iki bürünc medal əldə edib. Medalları komandamızın aktivinə Xəzər rayonunun 26 saylı orta məktəbinin şagirdi Vüsal Balaqadaşov (taekvondo, 68 kq) və Nizami rayonunun 277 saylı orta məktəbin şagirdi Nuri Məhəmməd (cüdo, 66 kq) yazdırıblar.

Bundan başqa, Təhsil Nazirliyi ilə birgə keçirilən 14-17 yaşlı məktəblilər arasında basketbol 3x3 üzrə respublika çempionatının qalibi olan Xətai rayonunun 269 saylı məktəbinin komandası iyunda Serbiyanın paytaxtı Belqradda baş tutan dünya çempionatında ölkəmizi təmsil edib.

- Qarşıdakı hədəflər barədə nə deyə bilərsiniz?

- Böyük idmanın təməli uşaq idmanı ilə qoyulur. Bu baxımdan məktəblilər arasında idman növlərinin coğrafiyasının genişləndirilməsi, kütləviliyinin artırılması yeni-yeni nailiyyətlərin qazanılmasına yol açacaq. 2020-ci ildə Çinin Cinicanq şəhərində keçiriləcək Məktəblilərin XVIII Yay Gimnaziadasında komandamızın uğurlu iştirakını qarşıya hədəf qoymuşuq. Eyni zamanda, idmançılarımızı Avropa, dünya miqyaslı nüfuzlu yarışlar gözləyir. İnanırıq ki, Azərbaycanın məktəbli idmançıları Beynəlxalq Məktəb İdmanları Federasiyasının bayrağı altında keçiriləcək bu məsul yarışlarda bacarığı, gücü, qələbə əzmi ilə seçiləcəklər.

Gələcəkdə daha böyük nailiyyətlərin əldə edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müstəqil, güclü Azərbaycan, həm də qabaqcıl idman dövlətlərindən biri kimi tanınır. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Əminik ki, gənc nəsil gələcəkdə daha böyük uğurlara imza atacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.