CƏMİYYƏT


Sevinc Quluzadə: Azərbaycan yeni qələbələrə doğru gedir

Bakı, 7 fevral, AZƏRTAC

Mən dayım Nəsimini görməmişəm, adını eşitmişəm. Dayım şəhidliyə qovuşanda mənim 1 yaşım olub. Onun haqqında ancaq babam Maqsudun, nənəm Xırdanın, anam Sevilin, digər dayım Mahmudun xatirə və söhbətlərindən eşitmişəm. Onlar danışdıqca dayım mənim gözümdə ucalıb, böyüyüb, nağıllaşıb.

Bu sözləri hərbi qulluqçu Nəsimi Rzayevin bacısı qızı Sevinc Quluzadə AZƏRTAC-a söyləyib.

Sevinc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur və yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə keçirilən görüşdə vərəsə kimi iştirak edib.

Nəsimi Rzayev 1974-cü il martın 30-da Bakıda doğulub. Atası müəllim, anası evdar qadın olub. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə çağırılıb. 1993-cü ildə Milli Ordu sıralarına daxil olub. 1994-cü il aprelin 30-da Ağdərə uğrunda gedən döyüşlərdə şəhidliyə qovuşub.

"Dayımın taleyinə bu dünyada cəmi 20 il yaşamaq düşüb. Sonu şəhidliklə bitən 20 il! Hansısa filosofun sözüdür: “İnsan doğulur ölmək üçün, ölür yaşamaq üçün”. Bu sözlər elə bil Nəsimi dayım haqqında deyilib. O, öz ölümü ilə sanki yenidən doğulub. Dayımın ikinci ömrü, əbədiyyət ömrü onun fiziki ömrümdən qat-qat uzundur”.

Sevinc Quluzadə şəhid ailələri ilə görüşü xatırlayaraq deyib: "Həmin görüşdə mənə tribunadan çıxış etmək də nəsib oldu. İlk növbədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərdiklərinə və hər zaman şəhid ailələrinin yanında olduqlarına görə təşəkkür etdim.

Bir vətəndaş, bir şəhid vərəsəsi kimi bir daha əmin oldum ki, ölkədə aparılan siyasətin əsasında ədalət və humanizm prinsipləri dayanır, sosial ədalət hər şeydən üstün tutulur. Dedim ki, Azərbaycan vətəndaşına Azərbaycan Prezidenti qədər qayğıkeş və Azərbaycan Prezidenti qədər yaxın olan başqa biri yoxdur. Onun imzaladığı Fərmana əsasən mən və mənim kimi minlərlə şəhid vərəsəsi birdəfəlik ödəmə almaq imkanı əldə etdi. Həm də vaxtilə sığorta ödənişi almış şəhid vərəsələri də birdəfəlik ödəmə ilə təmin olunurlar. Belə bir humanist qərar qəbul etdiyinə görə dövlət başçısına təşəkkürümü bildirdim”.

Sevinc xanım onu da qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanı böyük qələbələrə doğru aparır: “Bir vətəndaş kimi həmin inkişaf prosesini müşahidə etdikcə təbii ki, fəxr edirik. Ölkəmizi inkişafda, dövlətimizi güclənməkdə görmək bir gənc olaraq məndə iftixar hissi doğurur”.

Nəsimi Rzayevin vərəsəsi Sevinc Quluzadə söhbətinin sonunda deyib: “Dayımı görməsəm də, onunla fəxr edirəm. Vətən yolunda şəhid olmaq müqəddəs bir işdir. Bu yolda şəhid olanların hamısı bizə əzizdir. Dayım Nəsimi də məhz belə bir müqəddəsliyə qovuşub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.