CƏMİYYƏT
Sex sahibi səs-küy səviyyəsinin norma həddini aşmasına görə 2500 manat cərimələnib
Bakı, 14 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar Xətt”inə Sabunçu rayonu, Maştağa qəsəbə sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küy ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ETSN-in mütəxəssisləri Maştağa qəsəbəsi, Ramana gülçülük sovxozu ərazisində yerləşən sexdə irihəcmli köhnə ventilyatorların yaratdığı səs–küyün səviyyəsinin norma həddini aşdığını təyin ediblər.
Faktla bağlı sexin sahibi Elxan Feyzullayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.