CƏMİYYƏT
Şəxsi yoxlama zamanı vətəndaşdan narkotik vasitə aşkarlanıb
Bakı, 17 noyabr, AZƏRTAC
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan bükümdə 60 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan metadon adlı dərman preparatları, 18 ədəd qırıntıları və çəkisi 2,173 qram olan açıq qəhvəyi rəngli toz halında metadon aşkar olunub.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir və aşkarlanan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.