ELM VƏ TƏHSİL


“Şəxsiyyət. Dövlət. Möcüzə…” kitabında hüquqi dövlət və vətəndaş cəmiyyətinin mahiyyəti araşdırılır

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda (HİHİ) “Şəxsiyyət. Dövlət. Möcüzə…” dərs vəsaitinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, nəşrin müəllifi institutun baş elmi işçisi, hüquq elmləri doktoru, professor Əli Rzayevdir.

Tədbirdə HİHİ-nin direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru Nazim Cəfərli bildirib ki, Ə.Rzayev təkrarçılıqdan uzaq, öz dəst-xətti ilə seçilən, əsərlərində hüququ, ədəbiyyatı, mədəniyyəti və milli məsələləri peşəkarcasına vəhdət halında oxuculara təqdim edən alimdir. Nəşrin mövzusunun ictimaiyyət üçün aktual olduğunu deyən N.Cəfərli kitabda şəxsiyyət-dövlət-möcüzə probleminin hüquq prizmasından araşdırıldığını söyləyib.

Diqqətə çatdırılıb ki, “Şəxsiyyət. Dövlət. Möcüzə…” kitabında insan, fərd və şəxsiyyətin mahiyyəti, insanın canlı aləmdə yeri, şəxsiyyətin xarakterik xüsusiyyətləri (temperamenti, qabiliyyəti və dahiliyi), şəxsiyyətin ləyaqət və statusu təhlil edilməklə ideal şəxsiyyət modeli formalaşdırılır. Nəşrin “Dövlət mexanizmi” adlanan fəslində dövlətçilik sistemi və onun elementləri: dövlət, dövlət hakimiyyəti, dövlət aparatı dövlət idarəetməsi və dövlət qulluğu üzvi bağlılıqla təhlil edilir, dövlət suverenliyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması, mahiyyəti araşdırılır.

Milli Məclisin deputatları Fazil Mustafa, Elman Nəsirov, Zahid Oruc, Qüdrət Həsənquliyev, AMEA-nın Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, hüquq elmləri doktoru Habil Qurbanov və başqaları bildiriblər ki, kitab tarixi faktlara və bu faktları əsaslandıran mənbələrlə zəngindir. Müəllif tərəfindən təqdim olunan müvafiq mənbələrə əsaslanaraq mülahizə və ideyalar təhrif olunmadan oxucuya çatdırılır. Natiqlər yeni nəşrdə dövlətçilik tarixi ilə bağlı önəmli faktların əksini tapdığını və Ə.Rzayevin şərhləri ilə bu faktları zənginləşdirdiyini söyləyiblər.

Diqqətə çatdırılıb ki, kitabda şəxsiyyətin məzmunu, dövlətin təşəkkülü və mahiyyəti, dövlətçilik haqqında böyük mütəfəkkirlərin fikirləri, şumer və “Quran” möcüzələri, şərq mədəniyyətinin qərbə transformasiya yolları müxtəlif aspektlərdə təhlil edilib. Nəşr elm və təhsil sahəsində tələbə auditoriyası üçün dərs vəsaiti kimi, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Sonda Ə.Rzayev tədbirin təşkilatçılarına, iştirakçılarına, nəşrin işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.