ELM VƏ TƏHSİL


“Seyid Əzim Şirvani arxivinin təsviri” kitabı çap olunub

“Seyid Əzim Şirvani arxivinin təsviri” kitabı çap olunub

Bakı, 26 yanvar, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Nazim Yarməmmədovun tərtib etdiyi “Seyid Əzim Şirvani arxivinin təsviri” adlı kitab çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş monoqrafiya Əlyazmalar İnstitutunda saxlanılan Seyid Əzim Şirvani arxivinin elmi təsviridir. Müxtəlif şeir, məktub, kitab və s. sənədlərdən ibarət arxiv 80 saxlama vahidindən ibarətdir ki, buraya 960 ədəd vərəq və 2 bağlama şəklində izahlı qeydlər daxildir. Kitabda həmin sənəd və materiallar mövzu üzrə təsnifatlaşdırılaraq “Külliyyat”, “Təzkirə”, “Divan”, “Qəzəl”, “Həcv”, “Qəsidə”, “Müxtəlif şeirlər”, “Seyid Əzim Şirvaninin yazışmaları”, “Qeydlər”, “Nacinin tərcümeyi-halı və qəzəlləri”, “S.Ə.Şirvaniyə aid sənədlər”, “Nəsrlə yazılmış əlyazmalar” başlıqlı hissələrə bölünüb və bu hissələr haqqında sistemli məlumat verilib. Müəllif, həmçinin Seyid Əzimin mədrəsə şagirdləri üçün hazırladığı, Əlyazmalar İnstitutunda qorunub saxlanılan və bu vaxta qədər çap olunmamış “Rəbiül-ətfal” adlı dərsliyin avtoqraf nüsxəsinin əhəmiyyətini nəzərə alaraq, onun trasfoneliterasiyasını hazırlayıb kitaba əlavə edib.

Yeni nəşrin rəyçisi Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Nəsib Göyüşov, redaktoru isə həmin şöbənin böyük elmi işçisi İradə Vəzirovadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.