DÜNYA
Seyid Kazım Səcdpur: Qloballaşmaq Qərb mədəniyyətini qəbul etmək demək deyil
Tehran, 22 oktyabr, AZƏRTAC
İranın Xarici İşlər nazirinin müavini Seyid Kazım Səcdpurun İstanbulda “Qloballaşmanın böhranı: Risklər və imkanlar” mövzusunda keçirilən konfransdakı çıxışı beynəlxalq mətbuatda geniş müzakirələrə səbəb olub.
AZƏRTAC xəbər verir ki, nazir müavini qloballaşmanı Qərb, onun dünyagörüşü, mədəniyyəti, adətləri və ictimai qaydaları ilə bağlamağın düzgün olmadığını bildirib.
“Qloballaşmaq qərbləşmək və Qərb mədəniyyətini qəbul etmək demək deyil. Bunun heç kimə faydası dəyməyəcək”, - deyən Seyid Kazım Səcdpur hər bir xalqın öz milli mənliyi ilə qürur duyduğunu vurğulayıb. O bildirib: “Mən xalqımın tarixi və milli dəyərləri ilə qürur duyuram. Düşünürəm ki, hər bir kəs mənsub olduğu xalqın keçmişi və bu günü ilə öyünür. Bu, təbiidir və belə də olmalıdır. Lakin qloballaşma zamanı Qərb xalqları milli dəyərlərini bir tərəfə qoyub, öz dəyərlərini qəbul etdirməyə çalışırlar. Bu, münaqişələrə və çaxnaşmalara səbəb olur”.
Nazir müavini, həmçinin vurğulayıb : “Qərbin inkişaf etmiş və yeni texnologiyaya malik bir cəmiyyət olduğunu bilirik. Lakin ona bənzəməyə deyil, bütün xalqlara və mədəniyyətlərə hörmətlə yanaşmaqla milli inkişaf yolu ilə getmək lazımdır. Bu gün Qərbin öz maraqlarına lazım olan məsələlərə münasibət bildirdiyini görürük. Lakin ədalətsizliyə və haqsızlığa qarşı göz yumduğunun da şahidi oluruq”.
Seyid Kazım Səcdpurun sözlərinə görə, Avrasiya xalqlarını tarix və oxşar dəyərlər bir-birinə bağlayır. Buna görə də onların birlik yaratması Qərbin müdaxiləsinin qarşısını ala bilər.
İranın Xarici İşlər Nazirinin müavininin bu çıxışı Türkiyə, İran, Yaxın Şərq ölkələrinin, habelə Avropanın bir sıra dövlətlərinin nəşrlərinin baş xəbərinə, sosial şəbəkələrdə isə geniş müzakirə mövzusuna çevrilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran