REGİONLAR


Seymur Mövlayev: taxıl biçinində növbəlilik prinsipinə əməl olunmalıdır

Yevlax, 20 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Əlverişsiz hava şəraiti nəticəsində taxıl biçinində gecikmələr yaranıb. Odur ki, ilk növbədə növbəlilik prinsipinə əməl olunmalıdır. Çətinliyin öhdəsindən gəlmək üçün biz bir-birimizi eşitməli, qarşılıqlı anlaşma şəraitində, mövcud imkanlar çərçivəsində taxıl biçinini vaxtında və itkisiz başa çatdırmalıyıq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri iyunun 20-də “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev taxıl biçininin vaxtında, itkisiz və mütəşəkkil təşkili ilə bağlı fermer və sahibkarlarla Yevlaxda keçirilən görüşdə səsləndirib.

S.Mövlayev bildirib ki, hazırda respublikada taxıl biçinini həyata keçirən 2206 texnika var. Bunun 632-si “Aqrolizinq” ASC-yə, qalanı isə hüquqi və fiziki şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin əsas vəzifəsi həm texnikanı hüquqi və fiziki şəxslərə lizinqə verməkdir, həm də kiçik torpaq sahəsi olan fermerlərə və aztəminatlı ailələrə servis xidməti göstərməkdir. Odur ki, böyük torpaq sahibi olan taxıl istehsalçıları texnikanı lizinq yolu ilə əldə etsələr biçin mövsümündə çətinliklər yaranmaz.

Seymur Mövlayev görüşdə fermer və sahibkarlara taxılın becərilməsi zamanı aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi, alaq otlarına qarşı mübarizə aparılması üçün herbisitlərdən istifadə edilməsi və kiçik torpaq sahələri olan fermerlərin korporasiyalarda birləşməsi ilə bağlı tövsiyələr verib. Qeyd edib ki, yüksək məhsuldarlıq əkin sahələrinin artırılması hesabına deyil, nümunəvi qulluq və aqrotexniki tələblərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi hesabına əldə olunmalıdır. Bu sahədə maarifləndirmə və təşviqat işinin gücləndirilməsi də vacibdir.

Görüşdə fermer və sahibkarların biçinlə bağlı təklifləri dinlənilib, taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Fermer və sahibkarlar dövlət başçısının kənd təsərrüfatı istehsalçılarına göstərdiyi diqqət və qayğının, qəbul olunmuş dövlət proqramları, imzaladığı Fərman və Sərəncamların onlarda böyük ruh yüksəkliyi, inam və ümid yaratdığını vurğulayıblar.

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev taxıl biçini ilə əlaqədar “Çağrı mərkəzinə” daxil olunmuş müraciətlər əsasında Sabirabad rayonunun Sərxanbəyli, İmişli rayonunun Bəhramtəpə və Qaragüvəndikli, Ağcabədi rayonunun Taynaq kənd və qəsəbələrində fermerlərlə görüşüb, onların fikirlər və təkliflərini dinləyib, səsləndirilən çətinliklər yerindəcə öz həllini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.