CƏMİYYƏT


Seysmoloji Xidmət Mərkəzi Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumu imzalayıb

Bakı, 15 yanvar, AZƏRTAC 

Azərbaycanda elmi tədqiqat institutları və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi strategiyasına uyğun olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə anlaşma memorandumu imzalanıb.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində çıxış edən universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi ali təhsil müəssisəsinin kadr hazırlığını artırmaq, tələbələrin praktiki biliklərini yüksəltmək məqsədilə bir çox elmi təşkilatlar, dövlət qurumları və şirkətlərlə ikitərəfli əməkdaşlıq sazişləri imzaladığını diqqətə çatdırıb. Həm Coğrafiya İnstitutunun, həm də Respublika Seysmoloji Xidmət Mərkəzinin işinin inşaat sahəsinə yaxın olduğunu vurğulayan rektor, hər iki təşkilatla əməkdaşlığın tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov son illər Azərbaycan Memarlıq və İnşaat Universitetində elm və təhsilin vəhdəti istiqamətində aparılan işləri yüksək qiymətləndirərək, gələcəkdə praktika sahəsinin də buna əlavə edilməli olduğunu qeyd edib.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli isə çıxışında bildirib ki, inşaat sahəsində görülən işlərin seysmologiya ilə birbaşa bağlılığı var. Yeni binaların tikilməsindən əvvəl həmin ərazilərin seysmikliyinin qiymətləndirilməsinin vacibliyini önə çəkən baş direktor buna nümunə kimi Bakı şəhərinin mürəkkəb relyefdə yerləşməsini və bir çox hallarda eyni ərazidə belə seysmik qiymətləndirmə aparılarkən rəqəmlərin dəyişdiyini qeyd edib.

Memarlıq və İnşaat Universiteti ilə RSXM arasında bu vaxta qədər də əməkdaşlığın olduğunu deyən Qurban Yetirmişli anlaşma memorandumunun ikitərəfli əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Daha sonra tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. İmzalanma mərasimindən sonra AzMİU-nun inşaat fakültəsinin dekanı Hikmət Məmmədov və kafedra müdiri İslam Mustafayev çıxış edərək hər iki təşkilatla imzalanan sənədlərin əhəmiyyətindən danışıb, bu sənədlərin qarşılıqlı əlaqələrin inkişafı baxımından uğurlu olacağına ümidvar olduqlarını deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.