CƏMİYYƏT
Seysmoloqlar ölkəmizdəki metal yataqlarının istismara cəlb olunması perspektivlərini müzakirə ediblər
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elmi Texniki Şuranın iclası keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli martın 27-də “Elm günü” ilə əlaqədar keçirilən tədbirin hazırlanmasında yaxından iştirak edən əməkdaşların Fəxri Fərmanla təltif edildiklərini bildirib. RSXM-nin iki gənc əməkdaşına AMEA-nın Yer Elmləri bölməsinin Fəxri Fərmanı təqdim edilib.
Sonra geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının yaxın perspektivləri” mövzusunda məruzə edib.
Elmi Texniki Şuranın iclasında gündəlikdə olan digər məsələlərə də baxılıb.