CƏMİYYƏT


Şeyxülislam Allahşükür Paşazadə Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti ilə görüşüb VİDEO

Vatikan, 14 yanvar, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Migel Anhel Ayuso Giksot ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə Müqəddəs Tax-Tac arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən, xüsusilə də Vatikanın Cənubi Qafqazdakı vəziyyətlə bağlı həmişə tarazlı mövqe tutduğundan məmnun olduğunu bildirib.

QMİ sədri deyib ki, müxtəlif dinlərin liderlərinin davamlı görüşləri qarşıda duran məsələlərin birgə həllinə mühüm töhfə verir. Bu fikri dəstəkləyən kardinal belə bir insani yaxınlaşmadan uzaq durmağa çalışanların hələ də mövcud olduğunu təəssüflə qeyd edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif dinlərə mənsub insanların sülh şəraitində yaşadığını deyib. QMİ sədri ölkədə ən böyük dini icmanın rəhbəri kimi digər dini icmalara daim diqqət göstərdiyini vurğulayaraq Azərbaycanda din-dövlət münasibətlərinin nümunəvi səviyyədə olduğunu, ölkə rəhbərliyinin bütün dinlərə eyni qayğı və diqqət göstərdiyini, bunun bütün dünya üçün uğur örnəyi olduğunu deyib.

Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT qətnamələrinə uyğun olaraq 30 ilə yaxın müddət ərzində erməni işğalında olan torpaqlarını azad etdikdən sonra burada erməni vandalizminə məruz qalaraq dağıdılmış bütün mədəniyyət və din abidələrinin ölkə rəhbərinin birbaşa tapşırığı ilə bərpa olacağını diqqətə çatdırılıb.

Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Migel Ayuso ölkəmizdəki tolerantlıq mühitini, Azərbaycanın İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid abidələrini də qoruyub saxlamasını, həmçinin bərpa etməsini Vatikanın yüksək təqdir etdiyini qeyd edib. O, Heydər Əliyev Fondunun Vatikanın mədəni və dini irsinin qorunub saxlanması istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusilə vurğulayıb, Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqa mühüm töhfələr verdiyini deyib.

QMİ sədri kardinal Migel Ayusonu Azərbaycan həqiqətlərinin bilavasitə şahidi olmaq üçün ölkəmizə dəvət edib.

Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.