CƏMİYYƏT


Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər

Bakı, 23 avqust, AZƏRTAC 

Avqustun 22-23-də Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdikləri tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına qayğı ilə yanaşıldığını bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı nümunəvi dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, o cümlədən din xadimlərinin sosial şəbəkələrdən fəal istifadə etmələrinin vacibliyindən danışıb. Bildirib ki, günümüzdə dövlətimizin din siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, xüsusən də gənclərimizin dəyərlərimizə sadiq yetişməsinə böyük önəm verilir. Ölkəmizdə hökm sürən multikulturalizm və dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdidlərdən birinin dini radikalizm olduğunu qeyd edən Komitə rəsmisi bunun yaranma səbəblərindən biri kimi İslam dini haqqında məlumatsızlığı, yad dini ideologiyaların yayılması cəhdlərini göstərib. O, dini ekstremizm və dini radikalizmlə mübarizədə, bu kimi mənfi halların yayılmasında sosial şəbəkələrin roluna toxunub.

S.Salahlı sosial medianın vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca amillərdən biri olduğunu deyib. Sədrin birinci müavini diqqətə çatdırıb ki, din pərdəsi altında gizlənmiş, İslamı gözdən salan qüvvələrin çirkin əməlləri üçün sosial media imkanlarından çox səmərəli şəkildə istifadə edirlər. S.Salahlı qeyd edib ki, din pərdəsi altında gizlənmiş, İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan, digər dinlərə münasibətlərə ciddi zərbə vuracaq materialları yayan qüvvələrə qarşı din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşür. Onlar İslamın, dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini insanlarımıza sadəcə məsciddən yox, həm də məhz sosial media vasitəsilə çatdırmaqda fəallıq nümayiş etdirməlidirlər. Sədrin birinci müavini din xadimlərini sosial medianın gücündən və imkanlarından istifadə edərək respublikamızda sabitliyi pozmaq istəyən, yüksək dini ideyalar uğrunda mübarizə pərdəsi altında fəaliyyət göstərən qrupların əsl simasının ifşa edilməsində prinsipiallıq və fəallıq nümayiş etdirməyə çağırıb.

Komitənin dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev isə vurğulayıb ki, dini müxtəlif siyasi maraqların təmin olunmasında vasitəyə çevirməyə çalışan dairələr var. Belə dairələrin əsas ortaq cəhəti odur ki, cəmiyyətdə dini birləşdirici amil olmaqdan çıxararaq bölücü funksiya daşımasına nail olsunlar. Onun sözlərinə görə, bunun üçün müxtəlif dinlər, hətta eyni dinin qolları arasında qarşıdurma yaradılmasına çalışırlar. Halbuki milli kimliyi əmələ gətirən bu amillər nəinki bir-birini inkar edir, əksinə bir-biri ilə üzvi sürətdə bağlıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, DQİDK-nın əməkdaşı Tərxan Paşazadə və başqaları çıxışlarında ölkəmizdə heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələrin, çəkişmələrin, digər xoşagəlməz halların olmadığını diqqətə çatdırıblar.

DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin nümayiş olunduğu ikigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.