CƏMİYYƏT
Səyyar ASAN tibbi müayinə Tovuzun Ağdam kəndində
Bakı, 10 avqust, AZƏRTAC
“ASAN xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz səyyar tibbi müayinə layihəsi bu dəfə Tovuz rayonunun Ağdam kəndində təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, avqustun 6-8-də kənd sakinləri yaşadıqları ünvanlarda ödənişsiz peşəkar həkim müayinələrindən yararlanıblar. Müayinələr pandemiya şəraitində mövcud preventiv tədbirlərin şərtlərinə və tibbi-profilaktik qaydalara əsasən təşkil olunub.
Həmçinin sakinlərə tibbi maskalar və dezinfeksiya məhlulları təqdim olunub.
Kənd sakinləri, eyni zamanda, onlar üçün təqdim olunmuş tibbi kuponlar vasitəsilə “Sağlam Ailə” klinikalarında istənilən vaxt ödənişsiz müxtəlif həkim və laborator müayinələrdən yararlana bilərlər.
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.
Qeyd edək ki, 2017-ci ildən həyata keçirilən səyyar tibbi müayinə layihəsi Azərbaycanın bir çox regionlarını əhatə edib.