REGİONLAR
Səyyar “ASAN xidmət” Horadizdə VİDEO
Füzuli, 6 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu aprelin 3-dən başlayaraq Horadiz şəhərində sakinlərə səyyar formada xidmət göstərir. Bu xidmətdən Füzuli və Beyləqan rayonlarının sakinləri və ərazidə məskunlaşan məcburi köçkünlər yararlanırlar.
Səyyar “ASAN xidmət”in qrup rəhbəri Ülvi Həsənzadə AZƏRTAC-a bildirib ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Üç gün ərzində Horadiz şəhərində 400-ə yaxın vətəndaş səyyar xidmətdən yararlanıb.
Əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Horadiz şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu yerdə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat köşkünə yaxınlaşır, daha sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət” Horadizdə aprelin 22-dək xidmət göstərəcək.