SİYASƏT
Səyyar “ASAN xidmət” Şəkidə
Bakı, 18 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ, Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam, Lənkəran şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda Cəlilabad və Biləsuvar, İmişli rayonunda isə İmişli rayonunun sakinlərinə səyyar “ASAN xidmət” göstərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 19-dan noyabrın 2-dək Şəki və Oğuzun ümumi sayı 215 mindən çox olan sakini səyyar “ASAN xidmət”dən Şəki şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.
Xatırladaq ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
İndiyədək səyyar “ASAN xidmət” çərçivəsində 16 məntəqədə 28 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə səyyar “ASAN xidmət”in göstərilməsi planlaşdırılır.