REGİONLAR
Səyyar “ASAN xidmət” Siyəzən və Xızı rayonlarının sakinlərinin işini asanlaşdırır VİDEO
Siyəzən, 29 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xəbər verdiyimiz kimi, səyyar “ASAN xidmət” sentyabrın 26-dan Siyəzən rayonunda fəaliyyət göstərir. Siyəzən və Xızı rayonlarının 57 minə yaxın sakini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
AZƏRTAC xəbər verir ki, gün ərzində 200-ə yaxın Siyəzən və Xızı sakini göstərilən xidmətlərdən faydalanır. Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət edirlər.
Siyəzən səyyar “ASAN xidmət”in qrup rəhbəri Sənan Səmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, Siyəzən və Xızı sakinləri oktyabrın 10-dək səyyar xidmətlərdən yararlana bilərlər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar saat 9-dan 18-dək Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər inzibati dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi inzibati binanın yaxınlığında fəaliyyət göstərən Xidmət əməkdaşlarına müraciət etməlidirlər.