REGİONLAR
Səyyar “ASAN xidmət” avtobusu yenidən Astarada
Astara, 8 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Səyyar “ASAN xidmət” avtobusu oktyabrın 4-dən yenidən Astara və qonşu rayonların sakinlərinə xidmət göstərməyə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda fəaliyyətə başlayan “ASAN xidmət”ə müraciət edən vətəndaşların sayı günbəgün artır.
Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Rayon sakinlərinə göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”ə müraciət edənlərə, həmçinin funksional yardımçı xidmətlər də göstərilir.
Sakinlər noyabrın 2-dək Səyyar “ASAN xidmət”dən yararlana biləcəklər.