REGİONLAR
Səyyar “ASAN xidmət” bir ayda 2 min 138 nəfər Daşkəsən sakininə xidmət göstərib
Daşkəsən 5 iyul, Rauf Hacıyev, AZƏRTAC
Səyyar “ASAN xidmət” iyunun 5-dən etibarən bir ay ərzində Daşkəsən rayonunda vətəndaşlara xidmət göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi avtobuslar vasitəsilə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub.
Səyyar “ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov AZƏRTAC-a bildirib ki, Daşkəsən şəhərində bir ay müddətində 2 min 831 nəfər müraciət edib və 2138 nəfər vətəndaşa xidmət göstərilib.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.