REGİONLAR
Səyyar “ASAN xidmət”dən qısa müddətdə şimal bölgəsinin 1800-dən çox sakini yararlanıb VİDEO
Xaçmaz, 14 fevral, Elxan Yusifli, AZƏRTAC
Səyyar “ASAN xidmət” fevralın 1-dən Xaçmaz rayonunda fəaliyyət göstərir. Xaçmaz və digər şimal rayonlarının sakinləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son 13 gündə beş rayonun 1800 nəfərə yaxın sakini göstərilən xidmətlərdən faydalanıb. Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Xaçmaz səyyar “ASAN xidmət”in məsul əməkdaşı Kənan Tağıyev bildirib ki, şimal rayonlarının sakinləri martın 2-dək səyyar xidmətlərdən yararlana bilərlər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar martın 2-dək saat 9-dan 18-dək Xaçmaz şəhəri Hacı Zeynalabdin Tağıyev 13 ünvanında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.