CƏMİYYƏT


“Səyyar gənclər xidməti” layihəsinin növbəti dayanacaqları Saatlı və İmişli rayonları olub

Bakı, 3 iyul, AZƏRTAC

“İmkanlar sənə doğru” devizi ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün mayın 31-dən etibarən yola çıxan “Səyyar gənclər xidməti” layihəsinin növbəti dayanacaqları iyunun 25-dən iyulun 1-dək Saatlı və İmişli rayonları olub.

Saatlı rayonunun Şirinbəy, Qara Nuru, Mollavaizli, İmişli rayonunun isə Cəfərli, Qaralar və Mirili kəndlərinə səfərlər təşkil edilib və nəticədə yüzlərlə gənc xidmətlərdən yararlanıb.

AZƏRTAC Azərbaycan Gənclər Fondunun saytına istinadla xəbər verir ki, “Səyyar gənclər xidməti”nin başlıca məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır.

Layihənin başlıca amalı gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir. Bu kontekstdə sözügedən bölgələrdə gənclərin maraqlarını əhatə edəcək mövzular üzrə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib.

Qeyd edək ki, 2022-ci il üzrə Biləsuvar rayonundan başlayan “Səyyar gənclər xidməti” bundan əvvəl Hacıqabul və Sabirabad rayonlarında həyata keçirilib və ümumilikdə 5 rayon üzrə 25 kənd olmaqla, 3 mindən çox gənc əhatə olunub.

Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.