REGİONLAR
Səyyar həkim briqadası Naxçıvanda tibbi müayinələr aparıb
Naxçıvan, 13 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə yüksəkixtisaslı həkim briqadalarının Bakı şəhərindən dəvət edilərək muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası son iki ayda Naxçıvan Muxtar Respublika Xəstəxanasında üçüncü dəfə humanitar tibbi aksiya keçirib.
Həkim-oftalmoloqlar Humay Bayramova, Rəvanə Həsənova və Lalə Məmmədovadan ibarət səyyar briqada 134 müayinə aparıb, pasiyentlərə tibbi məsləhət və tövsiyələr verib. Səyyar aksiyada göstərilən xidmətlərdən əsasən, uşaqlar, eləcə də gənclər istifadə edib.
Ordubad rayonunun Dırnıs kənd sakini Malik Səfərov bildirib ki, aksiya çərçivəsində iki övladı müayinədən keçirilib, lazımi təyinat yazılıb. O, övladlarını başqa yerlərə aparmadan Naxçıvan Muxtar Respublika Xəstəxanasında pulsuz müayinə etdirdiyinə görə minnətdarlığını bildirib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
Mərkəzin baş həkimi Aytən Sultanova muxtar respublika xəstəxanasında belə müayinələrin ilboyu, ayda bir dəfə olmaqla, keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, bölgədə analoqu olmayan Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud olan müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Yüksəkixtisaslı həkim briqadaları yerli həkimlərlə birgə hər il çoxlu sayda müayinələr, müxtəlif cərrahi əməliyyatlar aparırlar.