REGİONLAR
Səyyar xidmət zamanı 200-dən çox şəxsin sürücülük vəsiqəsi dəyişdirilib VİDEO
Qazax, 14 may, Famil Quliyev, AZƏRTAC
Mayın 14-də Gəncə-Qazax regionundan olan 200-dən çox şəxsin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri yenisi ilə dəyişdirilib. Hər bir vəsiqənin dəyişdirilməsi cəmi 30 dəqiqəyə həyata keçirilib.
Sürücülük vəsiqələri Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Qazaxda təşkil etdiyi səyyar xidmət çərçivəsində dəyişdirilib.
Müfəttişliyin rəisi Ağakişi Alıyev AZƏRTAC-a bildirib ki, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulu təmin edilib. Bu məqsədlə 8 bölgədə - Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ və Qubada səyyar xidmət qrupu yaradılıb. Artıq Şirvanda və Qubada keçirilən səyyar xidmətlər zamanı 400-dən çox vətəndaşın sürücülük vəsiqəsi yenilənib.
Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədilə nazirliyin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi digər bölgələrdə də səyyar xidmətləri davam etdirəcək. Növbəti səyyar xidmətlər Masallı, Ağsu, Şəki, Bərdə və Qəbələ rayonlarında təşkil olunacaq.