Səyyarə İbadullayeva: Hesabat ilində ilk dəfə Topxana meşəsi təftiş edilib
AzerTAg.az

Bakı, 29 dekabr, AZƏRTAC
Bu il Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın yeni III nəşrinə 443 növ üçün oçerklər, xəritələr və şəkillər hazırlanıb, o cümlədən Qarabağ florasına aid herbari nümunələrinin təftişi, məlumat bazaları və elektron kataloqlarının yaradılması üzrə tədqiqatlar aparılıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağında hesabat məruzəsi ilə çıxış edən Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva söyləyib. Baş direktor hesabat ilində əsas diqqətin məhz “Qırmızı kitab”ın 3-cü nəşri üzrə fəaliyyətlərə yönəldiyini və institut əməkdaşları tərəfindən bu məsələ, eləcə də mövzu planları ilə bağlı 57 ekspedisiya və 40-a qədər ezamiyyənin gerçəkləşdirildiyini söyləyib.
O bildirib ki, 2022-ci ildə ilk dəfə olaraq Şuşa, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl rayonlarına ekspedisiyalar təşkil olunub, Topxana meşəsi təftiş edilib. Qarabağa aid 11 min 700 herbari nüsxəsi rəqəmsallaşdırılaraq siyahıya alınıb. Hazırda Botanika İnstitutunda elmin informasiya təminat sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edən 4 yerli və 2 beynəlxalq məlumat bazası fəaliyyət göstərir. İnstitutda hər biri ildə 2 dəfə olmaqla 2 jurnal nəşr edilir.
Xəbərin mətnində orfoqrafik səhv var