“ShamkirChess 2015”də iştirak edəcək şahmatçıların adı dəqiqləşib
AzerTAg.az

Bakı, 4 fevral, AZƏRTAC
Aprelin 16-da Şəmkirdə şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq “ShamkirChess 2015” turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, “Synergy Group”un təşkilatçılığı və sponsorluğu ilə keçiriləcək yarışda iştirak edəcək məşhur şahmatçıların adları dəqiqləşib. Azərbaycanda keçirilən şahmat turnirində ilk dəfə olaraq 3 dünya çempionu mübarizə aparacaq.
Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863), sabiq dünya çempionları Vişvanatan Anand (Hindistan, 2791), Vladimir Kramnik (Rusiya, 2783), FİDE reytinq siyahısında 2-ci olan Fabiano Karuana (İtaliya, 2802), Aniş Giri (Hollandiya, 2790), Uesli So (ABŞ, 2788), Maksim Vaşi-Lagrav (Fransa, 2716) o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarov (FİDE reytinqində 13-cü yer, 2756), Teymur Rəcəbov (20-ci yer, 2738) və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov (92-ci yer, 2658) iştirak edəcəklər.
Turnirin mükafat fondu 100 min avro təşkil edir.
V.Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək və 10 gün davam edəcək.
Xəbərin mətnində orfoqrafik səhv var