DÜNYA
“Shell”in üçüncü rübdəki mənfəəti 80 faiz azalıb
Bakı, 30 oktyabr, AZƏRTAC
“Royal Dutch Shell” enerji şirkətinin bu ilin üçüncü rübündəki xalis mənfəəti 80 faiz azalıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, rüb ərzində “Shell”in konsolidə edilmiş xalis mənfəəti 2019-cu ilin eyni dövründəki 4,7 milyard dollarla müqayisədə 80 faiz azalaraq 955 milyon dollara düşüb. Bu dövrdə şirkətin xalis borcu isə 4,4 milyard dollar azalaraq 73,5 milyard dollar olub.
Şirkət bu nəticələrin çətin bir makroiqtisadi mühitdə əldə edildiyini açıqlayıb.
“Shell”in portfelini yenidən formalaşdırmaq üçün görülən işlərin aşağı karbonlu müəssisələri böyütmək məqsədilə davam edən istehsalı təmin etməsi və səhmdarların paylarını artırmaqla bağlı davamlı investisiya modelini yaratması gözlənilir. “Shell” 2050-ci ilədək və ya daha tez bir zamanda tamamilə sıfır enerji emissiyası formalaşdıran şirkət olmağı hədəfləyir”, - deyə açıqlamada bildirilir.
“Xalis sıfır emissiyalı enerji biznesinə keçid üçün portfelimizin maliyyə dayanıqlılığını gücləndirməkdə davam etməliyik. İlin əvvəlində atdığımız qətiyyətli addımlar əməliyyat və nağd tədarükümüzü möhkəmləndirib”, - deyə “Shell”in baş icraçı direktoru Ben Van Beurden qeyd edib.