DÜNYA


Si Cinpin: Şanxay Əməkdaşlıq Təşkilatı qlobal inkişafı təşviq edən mühüm platformaya çevrilir

Pekin, 10 iyun, АZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) qlobal sülhü və inkişafı təşviq edən mühüm platformaya çevrilir.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin Çindao şəhərində ŞƏT-in 18-ci zirvə görüşündə deyib.

Təşkilatın getdikcə artan nüfuzu ilə dünyada ədalətin təminatında da vacib rol oynadığını bildirən Si Cinpin qarşılıqlı etimad və fayda, bərabərlik, məsləhətləşmə, mədəniyyət müxtəlifliyinə hörmət və birgə inkişaf kimi dəyərləri ehtiva edən “Şanxay ruhu”nun əhəmiyyətini qeyd edib.

Çinin dövlət başçısı ŞƏT-ə üzv ölkələrin birgə inkişafa nail olmaq üçün güclü mexanizmlər yaratmalı olduqlarını bildirərək, bu istiqamətdə “Bir kəmər, bir yol” təşəbbüsünün icrasının davamının vacibliyini vurğulayıb.

Si Cinpin Çin hökumətinin Çindao şəhərində ölkəsi ilə ŞƏT ailəsi arasında iqtisadi-ticari əməkdaşlığı təşviq edəcək xüsusi ərazi yaratmaqda olduğunu diqqətə çatdırıb. Bildirib ki, Çin bundan başqa, Şanxay Əməkdaşlıq Təşkilatının Banklararası Konsorsiumu çərçivəsində 30 milyard yuanlıq (4,7 milyard ABŞ dolları) xüsusi kredit fondunu yaratmağı planlaşdırır.

Qeyd edək ki, ŞƏT-in Çindao zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları - Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistan Prezidenti Məmnun Hüseyn və Hindistanın Baş naziri Narendra Modi iştirak edirlər. Bu, Pakistanın və Hindistanın təşkilata tamhüquqlu üzv qəbul olunmasından sonra ŞƏT-in ilk zirvə görüşüdür.

Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.