İQTİSADİYYAT


“Sian-Bakı” blok qatarının marşrutu Slavkov Avroterminalına qədər uzadılacaq

Bakı, 13 sentyabr, AZƏRTAC

Polşanın Krakov şəhərində nüfuzlu, sayca 3-cü Dəmir yolu İqtisadi Forumu keçirilib. Avropa-Asiya marşrutu üzrə yükdaşımaların həcminin artırılmasında maraqlı olan Asiya, Şərqi və Qərbi Avropa ölkələrinin logistik operatorları, dəmir yolu şirkətlərinin qatıldığı forumda ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin nümayəndələri təmsil edib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, forumda Polşanın Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişməsində yerləşdiyi qeyd edilib. Ötən il Çindən Avropaya göndərilən 6300-dən çox qatarın təxminən 90 faizinin Polşa ərazisindən keçdiyi və bu rəqəmin artmaqda olduğu vurğulanıb.

Tədbir iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarının həcminin artırılması istiqamətində atılan addımlardan – yeni infrastrukturun yaradılması, fider gəmilərin xəttə buraxılması, idarəetmə sisteminin modernləşdirilməsi kimi məsələləri də qeyd ediblər. Forumda Orta koridorla dəmir yolu daşımalarının inkişafına verilən dövlət dəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb. Slavkov Avroterminalının marşrutların şaxələndirilməsində vacib rol oynadığı, terminalın logistik qovşaq kimi imkanlarının genişləndirilməsinin vacibliyi qeyd edilib.

“ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov şirkətin Slavkov terminalından İranın Astara stansiyasına sınaq məqsədli konteyner daşımasını uğurla həyata keçirdiyini bildirib. Beynəlxalq tərəfdaşların iştirakı ilə həyata keçirilən daşıma zamanı konteynerin 3396 kilometri 9 günə qət etdiyini qeyd edib. Bildirib ki, hazırda “Sian-Bakı” konteyner blok qatarının marşrutu Ukrayna və Türkiyəyə qədər çatdırılıb. Marşrutun Slavkov Avroterminalına qədər uzadılması məsələsi gündəmdədir. Həmçinin Slavkov-Bakı-Orta Asiya marşrutu üzrə müntəzəm konteyner blok qatarlarının buraxılması nəzərdə tutulur.

III Dəmiryolu İqtisadi Forumunun işində Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşadan olan 100-dən çox nümayəndə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.