SİYASƏT


Sibir neftini kəşf etmiş Fərman Salmanovu Tümendə və Surqutda yad edirlər

Bakı, 28 iyul (AZƏRTAC). Fərman Salmanov Tümen vilayətinin və Rusiyanın taleyində mühüm rol oynamışdır. O, regionda geoloji kəşfiyyat sahəsinin inkişaf meyillərini dəyişməyə nail olmuşdur.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Sibir Elmi-Analitik Mərkəzinin baş direktoru Anatoli Brexuntsov bu fikirləri həmvətənimiz, Sibir neftini kəşf etmiş Fərman Salmanovun anadan olmasının 80 illiyi münasibətilə Tümendə keçirilmiş təntənəli tədbirdə söyləmişdir. O qeyd etmişdir ki, Fərman Salmanov epoxası Tümen regionunda neft sahəsinin fəal inkişaf dövrü olmuşdur və bu, əfsanəvi neftçinin ən mühüm xidmətlərindən biridir.

1978-ci ildə Tümen Baş Geologiya İdarəsinin rəisi təyin edilmiş Fərman Salmanov bu idarəyə 10 ildən artıq başçılıq etmişdir. 30 ildən artıq Qərbi Sibirdə işləmiş həmyerlimiz Tümen vilayətinin şimalında 300-dən çox neft və qaz yatağını kəşf etmiş və ya kəşfində iştirak etmişdir. Anatoli Brexuntsov demişdir: “Bu insan ölkənin neft-qaz kompleksini inkişaf etdirməklə bərabər Tümen üçün də çox faydalı işlər görmüşdür. Tümen Baş Geologiya İdarəsinin binası, “Geoloq” mədəniyyət evi və eyniadlı hovuz, istirahət evləri, uşaq bağçaları və yeni mənzillər onun sayəsində tikilmişdir. Bütün bu işlərin görülməsində Fərman Salmanov özünü istedadlı təşkilatçı və təsərrüfatçı kimi göstərmişdir”.

Əlamətdar görüşün qonaqlarına, əməkdar geoloqun keçmiş həmkarlarına və dostlarına arxiv filmləri nümayiş etdirilmişdir. Tümenlilər bu filmlərə baxandan sonra Fərman Salmanovun həyatı, işi, dostluğu və uğurları barədə öz xatirələrini bölüşmüşlər.

Qeyd edək ki, Qərbi Sibirdə 300 neft yatağı kəşf etmiş Fərman Salmanovun yubileyinə həsr edilmiş tədbir Surqutda da keçirilmişdir. Geologiya veteranları, böyük həmyerlimizin məsləkdaşları və Surqutun köhnə sakinləri məşhur neftçinin xatirəsinə ehtiram əlaməti olaraq şəhərdəki mədəniyyət-kommunikasiya mərkəzində görüşmüş, Salmanovu yad etmiş, burada təşkil edilmiş foto-sərgiyə tamaşa etmişlər.

Fərman Salmanov 1931-ci il iyulun 28-də Azərbaycanın Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin birinci müavini olmuşdur. 1992-ci ildə o, “Rospan” şirkətini yaratmışdır. “Geologiya nefti i qaza” elmi-texniki jurnalının baş redaktoru olmuşdur. RSFSR-in və Azərbaycanın xalq deputatı idi. “Tümen” futbol klubunun yaradılması da Salmanovun adı ilə bağlıdır. O, həm də “İtera” NQK MMC-nin Direktorlar Şurası sədrinin müşaviri, “Yuqnefteqaz” MMC-nin Direktorlar Şurasının sədri idi.

F.Salmanov ömrünün son günlərinə qədər “İtera” NQK MMC-də Kalmık Respublikasında neft və qaz axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur.

Fərman Salmanov 2007-ci il martın 31-də vəfat etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.