REGİONLAR
Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır
Ağsu, 10 yanvar, AZƏRTAC
Ağsu rayonunda gələn ilin məhsulu üçün 36 min 704 hektar sahədə taxıl əkilib. İlkin əkin aparılan sahələrdə normal çıxış alınıb və hazırda bu ərazilər ciddi nəzarət altında saxlanılır. Müşahidə aparılan yerlərdə təhlükəli zərərverici olan siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Rayon Bitki Mühafizə Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, siçanabənzər gəmiricilər taxılçılıqda ciddi zərərvericidir. Buna görə də ötən ildən əkin sahələrində mərkəzin mütəxəssisləri tərəfindən tərtib olunan qrafik əsasında müşahidələr aparılır, fermerlərlə və fiziki şəxslərlə birgə operativ mübarizə tədbirləri görülür. Zərərvericilər, ən çox dağlıq və dağətəyi ərazilərdə müşahidə edilir. Keçən ilin payızında 11 min 376 hektar sahədə dərmanlama aparılıb.
Mübarizə məqsədilə rayona dövlət büdcəsi hesabına 320 kiloqram broditakum preparatı gətirilib və cari ilin ilk günlərindən mübarizə tədbirləri davam etdirilir. İlin ötən günlərində daha 730 hektarda da dərmanlama işləri görülüb.
Taxılçılıqla məşğul olan fermerlərin və fiziki şəxslərin dərmanın hazırlanması və verilməsi ilə əlaqədar təlimatlandırılması da diqqət mərkəzindədir. Bu proses Bitki Mühafizə Mərkəzinin mütəxəssislərinin nəzarəti altında aparılır. Dərmanlama aparılan sahələrin kənarlarına xəbərdarlıq lövhələri basdırılır.