CƏMİYYƏT


Sığırlı kəndinin ən gənc şəhidi

Bakı, 14 oktyabr, AZƏRTAC

Onun ömür payına cəmi 19 il yaşamaq düşdü...

Ötən il avqustun 29-da sonuncu ad günü oldu.

Ziya Nurməmmədov Kürdəmir rayonunun Sığırlı kəndindən hərbi xidmətə ötən ilin iyulunda çağırılıb. Hərbi xidmətə Qazax rayonunda başlayıb.

Vətən müharibəsindən əvvəl Ziya Ağstafada hərbi təlimlərə cəlb edilib. Ailə üzvləri, xüsusilə anası Elnarə ilə danışanda ona toxtaqlıq verməyə çalışır, hər şeyin normal olduğunu söyləyirdi.

Sentyabrın 27-də isə döyüş əməliyyatları gedən bölgəyə gətirilib. Ailəsinə sonuncu zəngi oktyabrın 11-də edib. Anası ilə telefon danışığında ona ürək-dirək verib: “Hələ əvvəlki xidmət yerimdə təlim keçirik. Məndən nigaran qalma”.

Atasına isə həqiqəti deyib: “Artıq döyüş bölgəsindəyik. Əməliyyatlara giririk...”.

Oktyabrın 13-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüş zamanı onun da daxil olduğu 16 nəfərdən ibarət bölük erməni quldurlarının xeyli texnikasını və canlı qüvvəsini məhv edərək postu ələ keçiriblər. Bu ağır döyüşdə qəhrəman əsgərlərdən 10 nəfəri şəhid olub. Ziya da onların arasında idi.

İgid əsgərin döyüş meydanında qalan nəşini götürmək xeyli vaxt alıb. Dekabrın 3-də onu doğma Sığırlı kəndində torpağa tapşırıblar.

Babası Sadəli kişi AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Ziya Vətənə, torpağa bağlı bir gənc idi. Hərbi əməliyyatlarda onunla birlikdə olan döyüş yoldaşları da bunu xüsusi qeyd edirlər. Çox qorxmaz və cəsur döyüşçü olub. Belə bir nəvənin babası olduğuma görə qürur hissi keçirirəm”.

İki bacının yeganə qardaşı olan Ziya Sığırlı kəndinin Vətən müharibəsində şəhid olan üç övladından biri və ən gəncidir. Ailənin maddi problemlərinin həlli üçün Heydər Əliyev Fondu və “YAŞAT” Fondu yardım göstərib.

Kəndin girəcəyində “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Ziya Nurməmmədovun şərəfinə bulaq inşa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.