İQTİSADİYYAT
Sığorta agentliklərinin ikinci illik forumu keçirilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). “AXA MBASK” sığorta şirkəti sığorta agentliklərinin “Fərqliyiq, fərq yaratmaq üçün buradayıq” adlı ikinci illik forumunu keçirmişdir.
Sığorta şirkətindən AZƏRTAC-a bildirmişlər ki, iki gün davam edən forumda sığorta agentliklərinin rəhbərləri və “AXA MBASK” ilə əməkdaşlıq edən sığorta agentləri iştirak etmişlər.
Forum çərçivəsində xüsusi dəvət edilmiş ekspertlər vergilər və satışlarla bağlı məsələlər üzrə treninqlər keçirmişlər. Həmçinin sığorta bazarındakı mövcud vəziyyət, Azərbaycanda agent satışlarının genişləndirilməsi ilə bağlı məsələlər, 2013-cü ildə sığorta agentliklərinin inkişafına dair planlar və strategiyalar, paytaxtda və bölgələrdə agent şəbəkəsi vasitəsilə icbari və könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunmuşdur.