İQTİSADİYYAT


Sığorta bazarında 40-dək sığorta məhsulu təklif edilir

Bakı, 20 iyun, AZƏRTAC

Hazırda Azərbaycanda sığorta sahəsi 1 milyard 114 milyon manat məbləğində aktivlərə malikdir və 40-dək sığorta məhsulu təklif edilir. Yaxın gələcəkdə isə avtomobillərin icbari sığortası, eləcə də kənd təsərrüfatı sahəsində vahid sığorta qiymətləndirməsinin tətbiqi nəzərdən keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycanda sığorta: yeni perspektivlər” mövzusunda keçirilən konfransda məlumat verilib.

Bildirilib ki, iqtisadi aktivliyin artması və inkişaf göstəricilərinin yüksəlməsi sığorta bazarında da canlanma yaradıb. İlin ilk 5 ayı ərzində sığorta sektorunda yığım 351 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz çoxdur. Yığımın 73 faizi vətəndaşların könüllük prinsipi əsasında müraciət etdikləri sığorta məhsullarının, qalanı isə icbari sığortanın payına düşüb. İlin əvvəlindən sığorta bazarındakı aktivlər 1 milyard 114 milyon manat təşkil edib. Qarşıdakı illərdə ÜDM-də sığortanın payının 1.4 faizə çatdırılması planlaşdırılır. Həmçinin sığorta sahəsində 1600 yeni iş yerinin açılması nəzərdə tutulub. Bütün bunlar “Strateji Yol Xəritəsi”nə əsasən reallaşdırılacaq. Bundan başqa qeyri-neft sektorunun inkişafında önəmli yer tutan kənd təsərrüfatı sığortası sahəsində də iş aparılır. Qarşıya qoyulan hədəflərlə bağlı 4 prioritet istiqamət müəyyənləşdirilib. Bunlar mikrosığorta, müştərək sığorta, icbari tibbi sığorta və kənd təsərrüfatı sığortasıdır. Artıq bu sığorta növünün qanunvericilik bazası hazırlanaraq hökumətə təqdim edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov qeyd edib ki, hazırda ümumi maliyyə sektorunda sığorta bazarının payı 2 faiz təşkil etsə də, perspektivlər kifayət qədər yüksəkdir. Yaxın gələcəkdə həm də avtomobillərin icbari sığortası, eləcə də kənd təsərrüfatı sahəsində vahid sığorta qiymətləndirməsinin tətbiqi nəzərdən keçirilir.

Azərbaycanda əmlak sığortasından sığorta daxilolmaları çox azdır. Sığortanın inkişafı üçün əmlakın qeydiyyatı sürətləndirilməli, onun sığortalanması təşviq edilməlidir. Bu barədə isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri bildirib ki, bu yolla əmlak sığortasından yığımları ən azı 300 milyon manatadək artırmaq olar. İndi ölkədə vətəndaşlara 40-a yaxın sığorta məhsulu təklif edilir. Mövcud sığorta məhsullarının təkmilləşdirilməsi ilə yanaşı, bazarın təklifi əsasında yeni sığorta növlərinin də yaradılması gözlənilir. İcbari tibbi sığortanın genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər də bu sektorun inkişafına təsir edəcək və yığımların artmasına səbəb olacaq.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli sığortanın maliyyə sektoru və bütövlükdə ölkə iqtisadiyyatındakı əhəmiyyətini vurğulayıb. Eyni zamanda, sığorta sektorunun inkişafını dəstəkləyən beynəlxalq və regional konfransların bu sahəyə qatdığı dəyərlərin əvəzedilməz olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.