Sığorta xidmətləri bizi əhatə edən risklərə kifayət qədər dolğun təminat verə bilir
AzerTAg.az

Bakı, 7 yanvar, Samirə Quliyeva, AZƏRTAC
Daim yenilənən risk faktorları fonunda sığorta bazarının inkişafı qaçılmazdır. Danılmaz həqiqət ondan ibarətdir ki, zamandan və məkandan asılı olmayaraq hər birimiz müxtəlif miqyaslı risklərlə əhatələnmişik. Dünyəvi təcrübə onu göstərir ki, risklərin idarə edilməsində ən unikal və əhatəli vasitə məhz sığorta mexanizmidir. Bəs bu gün ölkəmizdə tətbiq edilən sığorta xidmətləri bizi əhatə edən risklərə nə dərəcədə dolğun təminat verə bilir? Məsələyə həm də şəxsi aspektdən yanaşaq – biz bir vətəndaş olaraq risklərimizin fərqindəyikmi?
Yerli sığorta bazarında müşahidə olunan müsbət tendensiyalar, daha konkret desək, qeydə alınan davamlı artım dinamikası onu göstərir ki, vətəndaşların riskə və sığortaya olan yanaşmasındakı konspirativ meyillər tədricən aradan qalxmaqdadır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanmış 2021-ci ilin yanvar-noyabr aylarını əhatə edən sığorta icmalında da görürük ki, artım trendi davamlılığını təmin edib. 2021-ci ilin yanvar-noyabr aylarına olan hesabata görə, yerli sığorta bazarı ötən ilin 11 ayı ərzində 767,9 milyon manat sığorta haqqı təmin edib, baş verən hadisələrə görə isə 429,8 milyon manat sığorta ödənişi həyata keçirib. Cari rəqəmləri son 5 ilin göstəriciləri ilə müqayisə edib inkişaf xəritəsi ilə tanış ola bilərik. Belə ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində yerli sığorta bazarı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 263,7 milyon manat çox, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 104,1 milyon manat çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 152,4 milyon manat artıq, 2020-ci ilin müvafiq hesabat dövrü ilə müqayisədə isə 99,8 milyon manat çox sığorta haqqı təmin edib. Son 5 il ərzində təmin olunmuş yığımların müqayisəli təhlili onu göstərir ki, yerli bazarın rəqəmlərdə böyüməsi həm də əhalinin sığortaya və riskə olan marağının mütəmadiliklə artmasının əyani sübutudur.
Maraqlıdır ki, analoji artım hadisələrə görə həyata keçirilən sığorta ödənişlərində də müşahidə edilməkdədir. 2021-ci ilin yanvar-noyabr ayları ərzində yerli sığorta bazarı 429,8 milyon manat həcmində sığorta ödənişi həyata keçirib. Cari ödəniş rəqəmlərini son 5 ilin nəticələri ilə müqayisə etsək, yerli bazarın 2021-ci ilin 11 ayında etdiyi sığorta ödənişləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 199 milyon manat çox, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 205,7 milyon manat çox, 2019-cu ilin eyni periodu ilə müqayisədə 177,6 milyon manat çox, 2020-ci ilin müvafiq hesabat dövrü ilə müqayisədə isə 38,4 milyon manat artıqdır. Hadisələrin başvermə intensivliyi fonunda bu hadisələrə görə həyata keçirilən sığorta ödənişlərinin ilbəil artması birmənalı şəkildə onun göstəricisidir ki, ölkəmizdə tətbiq edilən sığorta xidmətləri aktiv fazada öz işləkliyini qorumaqdadır.
Daha bir maraqlı nəticə isə ondan ibarətdir ki, 2021-ci ilin 11 ayı ərzində təmin edilmiş yığım məbləği 2020-ci ilin hətta ümumi illik nəticələrini də 39,3 milyon manat qabaqlamaqla Azərbaycanın sığorta sektoru tarixində bir rekord qeydə alındı. Göz önündə olan rekord nəticələrin başlıca səbəbləri isə müxtəlifdir. Bu istiqamətdə ilk olaraq yerli sığorta bazarına nəzarət mexanizminin fundamental əsaslarla formalaşdığı faktını qeyd etməliyik. Bazarda baş verən proseslərə və hər ilin diktə etdiyi bazar şərtləri çərçivəsində qeydə alınan yığım artımına nəzər salsaq, əminliklə deyə bilərik ki, sektorda dayanıqlı inkişaf məhz 2020-ci ildən etibarən aydın büruzə olunmaqdadır. Belə ki, Prezident İlham Əliyevin 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verildi. Məhz bu Sərəncamdan sonra yerli sığorta bazarı yeni inkişaf mərhələsinə qədəm qoydu. Çünki yuxarıda qeyd etdiyimiz rəqəmlərə yenidən müraciət etsək, sektorun müasir çağırışlar fonunda yeni təkamül dönəminə başladığının şahidi olarıq. Belə ki, 2020-ci ilin yığım göstəriciləri 2019-cu illə müqayisədə 47,5 milyon manat daha yüksək olmuşdu. Nəzərinizə çatdırım ki, 2020-ci il ölkəmizdə və dünyada pandemiyanın başladığı il olaraq yadda qalıb. Lakin digər dünya ölkələri ilə müqayisədə yerli sığorta bazarı, məhrumiyyətlərlə əhatələnmiş pandemiyanın neqativ təsirlərindən yayına bilmişdi. Təbii ki, bu da yerli bazar iştirakçılarının aktivliyi ilə yanaşı, həm də və ələlxüsus nəzarətedici orqanın bazar aktivliyini təmin etmək məqsədilə atdığı məqsədyönlü priventiv addımları ilə bilavasitə bağlıdır.
Müşahidələrimə əsasən deyə bilərəm ki, müvafiq bazar böyüməsi və qeydə alınan artım dinamikası həm də sektor üzrə aparılan maarifləndirmə işləri ilə əlaqəlidir. Belə ki, məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” memorandum çərçivəsində adı çəkilən 3 qurum sığorta şirkətləri ilə birlikdə ölkə səviyyəsində genişmiqyaslı maarifləndirmə və təbliğat işlərinə start verib. Respublika səviyyəsində həyata keçirilən və 3 mərhələdən ibarət olan bu maarifləndirmə layihəsinin ilk mərhələsi məhz 2021-ci ildə uğurla realizə olundu. Görünən odur ki, layihə bazara və əhalinin sığortaya olan yanaşmasına müsbət təsirini elə ilk mərhələdən etibarən göstərməyə başlayıb.
Yuxarıda qeydə alınan artım dinamikasında Azərbaycan Sığortaçılar Assosiasiyasının bazara və sektora yönəlik mütərəqqi fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır. Belə ki, istər yerli bazarın stimullaşdırılması, istər layihələrlə əhali və biznes subyektlərində sığortaya marağın artırılması, istərsə də yerli və beynəlxalq qurumlarla əməkdaşlıq quraraq lokal sığorta bazarının qlobal çağırışlara adekvat inkişafının təmin olunmasında Assosiasiya mühüm lokomotiv rolunu oynamaqdadır.
Qeydə alınan xidmət keyfiyyətinin üstünlüyü və bazar aktivliyi fonunda bizim bir vətəndaş və ya sahibkar olaraq qəbul etməli olduğumuz həqiqət ondan ibarətdir ki, biz daim risklərlə qarşı-qarşıyayıq. Bu risklər istər daşınar, istərsə də daşınmaz əmlakımıza, eyni zamanda, avtomobilimizə, həyatımıza, əmək qabiliyyətimizə, səhhətimizə, mülki məsuliyyətimizə və daha neçə belə real yaşam istiqamətlərinə yönəlikdir. Risklər də bədbəxt hadisə şəklində qarşımıza çıxır. Nəticədə əlavə xərc, maddi itki ilə üz-üzə qalmış oluruq. Risklərimizi idarə edə bilməyimiz üçün sığortalanaraq, əslində həmin riskləri qabaqlamış, yarana biləcək maddi itki və ya əlavə xərclərimizin önünə keçmiş oluruq. Unutmamalıyıq ki, sığorta ən unikal bərpaedici mexanizmdir. Yaddan çıxarmamalıyıq ki, məhz sığorta sayəsində biz güvəndə və təminat altındayıq. Nəhayət inanmalıyıq ki, həyat, sığorta ilə rahatdır.
“Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb”
Xəbərin mətnində orfoqrafik səhv var