İQTİSADİYYAT
Sığortaçılar Assosiasiyası: Biznes subyektlərinin 57 faizi sığortaya inanır
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) keçirdiyi sorğunun nəticələrinə əsasən, əhalinin 42 faizi, biznes subyektlərinin isə 57 faizi hadisə zamanı sığortanın kömək edəcəyinə inandığını bildirib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, əldə olunmuş daha bir sorğu nəticəsinə görə, əhalinin 35 faizi, biznes subyektlərinin isə 38 faizi sığorta xidmətlərini onlayn şəkildə əldə etməyə üstünlük verir. Respondentlər arasında sığorta xidmətinin əlçatan olduğuna inananlar da çoxluq təşkil edir. Belə ki, əhalinin 41 faizi, biznes subyektlərinin isə 49 faizi sığorta xidmətlərinin mövcud və potensial sığortaolunanlara əlçatan olduğunu hesab edir. Müvafiq nəticələr Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair memorandum” çərçivəsində araşdırma və konsaltinq şirkəti tərəfindən 2150 respondent arasında keçirilmiş sorğu əsasında əldə olunub.